Məzmuna keç

“Bu gün Füzuli sakinləri dədə-baba torpaqlarına böyük həvəs və məhəbbətlə gedirlər” –

“Bu gün Füzuliyə səfər edən hər bir şəxs oranın yeni simasının necə göz oxşadığını yaxşı bilir. Füzulidə birinci şəhərsalma layihəsi icra edilir və şəhər tamamilə yenidən qurulur. İşğaldan azad olunmuş ərazilərimizə "Böyük Qayıdış" başlanılıb. Çox sevindirici haldır ki, insanlar 30 illik həsrətdən sonra sevinclə öz doğma yurlarına qədəm basırlar”.

Bu sözləri e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə söyləyib.

O bildirib ki, bu gün Füzuli sakinləri dədə-baba torpaqlarına böyük həvəs və məhəbbətlə gedirlər: “Füzuli rayonunun böyük hissəsi və Füzuli şəhəri 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Ümummilli Lider Heydər Əliyevin əmri ilə 5 yanvar 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad edilib. İkinci Qarabağ savaşında isə Füzuli şəhəri də daxil olmaqla 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Bu gün Füzuli azaddır və işğaldan azad olunmuş digər ərazilərimizdə olduğu kimi burada da geniş miqyaslı bərpa quruculuq işləri aparılır. Azərbaycan Prezidenti işğaldan azad edilmiş ərazilərin şəhər günlərini təsis etdikdən sonar 17 oktyabr “Füzuli şəhəri günü” olaraq qeyd edilir. Hətta işğaldan sonra dünyaya gələn insanlar, gənclər, yeniyetmələr belə öz dədə-baba torpaqlarına böyük həvəs və məhəbbətlə gedirlər. İndiyə kimi Füzulidə artıq 800-dən çox insan məskunlaşıb və ilin sonuna kimi 2000-ə yaxın insanın burada yaşayacağı nəzərdə tutulur. “Böyük Qayıdış” proqramının birinci mərhələsinin sonuna kimi rayonda 22 min insanın məskunlaşacağı planlaşdırılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Füzuliyə son səfəri zamanı bununla bağlı danışarkən "Böyük Qayıdış" Proqramnın birinci mərhələsinin sonunda, yəni 2026-cı ildə bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda 140 min insanın yaşayacağının anonsunu verdi”.

Politoloq bildirib ki, görülən işlərin miqyası, həyata keçirilən layihələr böyük zəhmət və maliyyə tələb edir: “Prezident Füzulinin respublikamızın ən abad, ən gözəl və ən inkişaf edən rayonlarından birinə çevriləcəyini deyərək burada həyata keçirilən layihələrin özündə dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit etdiyini vurğuladı. Çünki ərazilərimizin işğal altında olduğu dövrlərdə bütün ərazilər xarabalığa çevrilib, tək bir yaşayış binası belə salamat qalmayıb. Yollar dağıdılıb, infrastruktur məhv edilib. Başqa sözlə desək, indi şəhər və kəndlərimiz həqiqətən də sıfırdan qurulur. Elə cənab Prezident də rayonun ictimaiyyət nümayəndələri ilə görüşündə bu məsələyə toxunaraq Füzulinin timsalında erməni vəhşiliyinin nədən ibarət olduğunu bütün dünyanın gördüyünü bildirdi və erməni vandalizminin səviyyəsini, Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətini faktlarla təqdim etdi.

Y.Bağırzadə söyləyib ki, gənclərimiz hansı çətin sınaqlardan çıxdığımızı unutmamalıdır: “Cənab Prezidentin çıxışındakı önəmli məqamlardan biri də işğalı və baş verənləri unutmamağa edilən çağırışla bağlı oldu. “Biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq” deyən ölkə başçısı gənc nəslin bu faktları bilməli və unutmamalı olduğunu, məktəblərdə şagirdlərimizə bu faktların çatdırılmasının vacibliyini qeyd etdi. Həqiqətən də bu olduqca vacibdir. Çünki tarix boyu başımıza gələn problemlərin böyük əksəriyyəti məhz sadəövlükdən, unutqanlıqdan irəli gəlib. Odur ki, hər bir gəncimizin xalqımızın hansı çətin sınaqlardan çıxdığını, əyilmədiyini, özünə və ordusuna inandığını bilməsi və yaddaşında həkk etməsi lazımdır”.

O deyib ki, hərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir: “Necə ki işğal dövründə Vətən, torpaq uğrunda ölümə getməyə hazır olan və ölümə gedən gənclər yetişdirildi, bundan sonra da ərazi bütövlüyümüzü, müstəqilliyimizi, suverenliyimizi öz canı bahasına qorumağa hazır olan gənclər yetişdirməliyik. Cənab Prezident çıxışı zamanı qələbənin memarı olan şəhid, qazi, əsgər və zabitlərimizin böyük töhvəsini qeyd edərək xalqımızın onların qəhrəmanlıqlarını heç bir zaman unutmayacağımızı bildirdi. Prezident xüsusi olaraq qeyd etdi ki, dövlət nə qədər gücü olsa da, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, qələbəni əldə edən əsgərdir, zabitdir. Həqiqətən də biz onlara borcluyuq və hərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir”.

Şəbnəm Mehdizadə