Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2023-cü il “Heydər Əliyev İli” elan olunaraq Ulu Öndərin zəngin və çoxşaxəli irsinə həsr olunan silsilə tədbirlər həyata keçirilir. Eyni zamanda “Heydər Əliyev İli” Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsi istiqamətindəki şanlı qələbələrimizlə müşayiət edilir.
Böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazırlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır.
Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.
Müasir Azərbaycanın tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Ulu öndərimiz Heydər Əliyev müasir Azərbaycanın qurucusu olmaqla onun məhkəmə-hüquq tariximizdəki izini və bu sahədə apardığı xidmətləri də xüsusilə qeyd etmək lazımdır. Ölkəmizin məhkəmə-hüquq sisteminin demokratik prinsiplər əsasında bərqərar edilməsi məhz Ümummilli liderin adı ilə bağlıdır.
Heydər Əliyevin Azərbaycanda demokratik hüquqi müasir hüquq sisteminin formalaşması və inkişafında, həmçinin ədliyyə və məhkəmə sisteminin formalaşdırılmasında misilsiz xidmətləri olmuşdur.
Ümummilli liderimizin 1969-1982-ci illərdəki əvəzsiz xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, Heydər Əliyev hələ o dövrdə respublikaya rəhbərlik etdiyi vaxtlarda ölkəmizdə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır.
Respublikamız müstəqillik əldə etdikdən sonra ədliyyə və məhkəmə sistemində islahatların ilk təməli Ulu Öndər tərəfindən qoyulmuşdur.
Belə ki, zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Yeni Konstitusiyanın layihəsinin hazırlanması kimi cox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən dahi öndərimiz bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etmişdir.
"Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik" – deyən ulu öndər Heydər Əliyev konstitusiyaçı alim kimi bu sahədə bütün problemləri öyrənərək və görkəmli filosoflarının elmi irsinə mükəmməl yiyələnərək Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını yaratdı.
Danılmaz faktdır ki, 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın müəllifi məhz ümummilli liderimiz Heydər Əliyevdir. Dahi rəhbər qeyd olunan Komissiyanın 10 noyabr 1995-ci il tarixli iclasında demişdi: "Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd – siyasi, hüquqi sənəd yaratmışıq".
Bu yeni, mütərəqqi Konstitusiyamıza əsaslanaraq mükəmməl hüquq sistemi formalaşdırmaq üçün Ulu öndər qabaqcıl beynəlxalq təcrübəni, ümumbəşəri demokratik prinsipləri rəhbər tutmaqla, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri əsasında islahatlar aparmağa başladı və bu məqsədlə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaratdı.
Qeyd olunmalıdır ki, həmin dövrdə ölkəmizdə müxtəlif sahələr üzrə islahat komissiyaları yaradılsa da, hüquqi dövlət quruculuğuna və hüquq sisteminin islahatına müstəsna əhəmiyyət verən Ümummilli liderimiz Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürdü və islahatlara şəxsən rəhbərlik etdi.
Gərgin fəaliyyət nəticəsində "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və hüquq sisteminin mahiyyətini müəyyən edən digər qanun və bütün əsas məcəllələrin layihələri hazırlandı və nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul edildi.
İnsan hüquqlarının qorunmasına müstəsna əhəmiyyət verən Ümummilli liderimizin 1998-ci ildə imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanında bu sahədə həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih müəyyən edildi, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırıldı.
Dövlətimizin insan hüquqları sahəsində atdığı ən mühüm addımlarından biri, şübhəsiz ki, ölüm cəzasının ləğvi olmuşdur. 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi ulu öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü bir daha təsdiqləyir.
Ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmələr tərəfindən həyata keçirilməsi ideyası əsrlərdir ki, ədalətli cəmiyyətin əsas təməl daşlarından biridir. Məhz buna görə də Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş Ümummilli liderimiz ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirmişdir.
Təbii ki, müstəqil məhkəmə hakimiyyəti yaratmadan mükəmməl siyasi sistem qurmaq mümkün olmazdı. Belə məhkəmə hakimiyyəti yaratmaq üçün isə ölkədə genişmiqyaslı məhkəmə-hüquq islahatları aparılmalı idi.
Bütün bu reallıqları dərindən təhlil edən və nəzərə alan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə zəngin demokratik ənənələri olan ölkələrin təcrübəsinə əsaslanan "Məhkəmələr və hakimlər haqqında" yeni Qanun qəbul edildi. Həmin qanunun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər haqqında proqram xarakterli Fərman imzalandı və ölkəmizdə məhkəmə quruluşunun və məhkəmə icraatının mahiyyətcə yeni modelinin bərqərar edilməsi prosesinə başlanıldı.
Ədalət Mühakiməsinin rəsmi emblemi Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli 689-IQ Qanunu ilə təsdiq edildi.
Dahi öndərin rəhbərliyi ilə aparılmış köklü məhkəmə-hüquq islahatları nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək 2000-ci ildən yeni, üçpilləli müstəqil məhkəmə sistemi yaradıldı.
Belə ki, islahatlar nəticəsində 2000-ci ilin sentyabrında Azərbaycanda yeni – birinci, apellyasiya və kassasiya instansiyalarından ibarət üçpilləli müstəqil məhkəmə sistemi bərqərar edilmiş, Ulu Öndərin başladığı köklü islahatlar nəticəsində müasir Azərbaycan hüquq sisteminin inkişafı davamlı prosesə çevrilmişdir.
Əhalinin məhkəmələrə çatımlığının yaxşılaşdırılması məqsədilə 20-dək yeni regional məhkəmə, o cümlədən apellyasiya məhkəmələri və inzibati ədliyyə sistemi yaradılmış, hakimlərin sayı 2 dəfə artırılmış, məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə əsaslı tədbirlər görülmüşdür.
Görülən tədbirlər nəticəsində 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə hakim seçimi aparılmış və nəticədə hakim korpusu 60% təzələnmişdir.
Ümumbəşəri dəyərlərə, hər bir fərdin mənafeyinin əsas götürüldüyü hüquqi dövlət quruculuğu prinsiplərinə həssas münasibətin əyani təcəssümü olaraq Azərbaycanda məhkumların əfv edilməsi – bağışlanması da təqdirəlayiq ənənəyə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət və lider kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də məhz bu idi ki, o, günahkarı cəzalandırmağı da, şans verərək bağışlamağı, islah etməyi də bacarırdı. Əfvetmə institutunun bərpası və Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının yaradılması bu istiqamətdə atılmış mühüm addım kimi vurğulanmalıdır. Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanaraq, bu fərmanlar 3104 məhkuma şamil edilmiş, onun qanunvericilik təşəbbüsü əsasında 1996-2003-cü illərdə Milli Məclis tərəfindən qəbul edilən 8 amnistiya haqqında qanun imzalanmış, 20 mindən çox məhkum azadlığa buraxılmışdır. Qeyd edilən sənədləri imzalamaqla Ulu Öndər cəzanın adekvatlığı və humanistliyi məsələlərinə xüsusi diqqətlə yanaşdığını sübuta yetirmişdir. Bu məqsədlə o, eyni zamanda məhkəmə-hüquq sistemində işlək və çevik mexanizmlərin tədbiqini, habelə ədalət mühakiməsinin səmərəliliyini təmin etmişdir. Məhz onun hakimiyyəti illərində ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktların qəbuluna başlanılmışdır.
Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşmasının bilavasitə Ulu Öndərin adı ilə bağlı olması danılmaz faktdır. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1999-cu il dekabrın 28-də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” mühüm Qanun qəbul olunaraq Azərbaycanın tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşıb.
Azərbaycanda Ombudsman institutunun yaradılmasında Heydər Əliyevin müstəsna rolu olmuşdur. Belə ki, Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, insan hüquqlarının inkişafı, müstəqil məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının əsasının qoyulması ilə bağlı olduqca vacib islahatların həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Hüquqi dövlət quruculuğunun Azərbaycan modelini yaratmış ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu məhkəmə-hüquq islahatları bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və onun siyasi iradəsi ilə hüquq sisteminin müasir çağırışlara uyğun inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündən İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması işinə başlanılmışdır. Bu məqsədlə yeni qanunvericilik bazası yaradılmış, hakimlərin müddətsiz – son yaş həddinədək təyinatı, onların fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinin təkmil əsasları təsbit olunmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, hakim korpusunun ən layiqli və hazırlıqlı hüquqşünaslarla formalaşdırılması üçün Avropa Şurası ilə birgə ölkəmizdə hakimlərin ən şəffaf və ədalətli seçim proseduru işlənilib hazırlanmışdır. Çoxmərhələli imtahanlardan, tədris və stajkeçmədən ibarət olan bu seçim xüsusi şəffaflığına, obyektivliyinə və saflığına görə Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilmiş və digər dövlətlərə tövsiyə edilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» 2019-cu il 03 aprel tarixli Fərmanı ilə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə qarşıda mühüm məsələlər qoyulub, o cümlədən hakimlərin iş yükünün azaldılması, işlərə vaxtında və daha keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb. Fərmana uyğun olaraq hakimliyə namizədlərin seçimi təkmilləşdirilərək davamlı xarakter alıb və müasir texnologiyaların tətbiqi təmin olunub.
Azərbaycan Prezidentinin 2014-cü il 13 fevral tarixli “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” Sərəncamı isə bu sahədə ötən illərdən başlanmış islahatların uğurlu davamına etibarlı zəmin yaratmışdır. “Elektron məhkəmə” sistemi vətəndaşların məhkəmələrlə münasibətlərinin daha çevik və işlək mexanizmlər əsasında qurulmasına, süründürməçilik hallarının aradan qaldırılmasına, işlərə baxılmasında qanunvericiliyin tələblərinə tam riayət olunmasına imkan yaradır, operativliyi və şəffaflığı maksimum dərəcədə təmin edir. Yaradılan bu yeni sistem ümumilikdə, elektron hökumətin fəaliyyətinin genişləndirilməsində, daha obyektiv və əsaslı qərarların qəbul edilməsində, rəqəmsal idarəetmə çərçivəsində rəqəmsal məhkəmənin formalaşdırılmasında olduqca geniş imkanlar meydana gətirmişdir.
Görülən mühüm tədbirlər sayəsində “Elektron məhkəmə” informasiya sistemi artıq bütün respublikanı əhatə etmişdir ki, bu da ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsinə, şəffaflığın təmin olunmasına, çevikliyin artırılmasına və vətəndaş məmnunluğuna xidmət edir.
Azərbaycan zəngin ölkədir, onun istedadlı insanları, tükənməz təbii sərvətləri var, lakin bizim ən böyük sərvətimiz Heydər Əliyevin siyasi irsidir.
Bu gün əminliklə deyə bilərik ki, torpaqlarımızın düşmən tapdağından azad edilməsi istiqamətindəki Qarabağ zəfərimiz də Heydər Əliyevin apardığı mükəmməl, uğurlu siyasətin bəhrəsi və onun ideyalarının təntənəsidir.
Təməli Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları gələcək nəsillər üçün də öz töhfəsini verməkdə davam edəcək və Ulu öndərin ölkəmizin davamlı inkişafı naminə əvəzsiz xidmətlərini xalqımız daim dərin hörmət və ehtiramla anacaqdır.
Anar Pənahov
Lənkəran Rayon Məhkəməsinin hakimi
