Məzmuna keç

DYP postunda narkotiklə tutulan şəxslər hakim qarşısına çıxarılır

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirlənsdirilən Nasir Məmmədov, Ruslan Cavadov, Mehman Mirzəyev və Elgün Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Neymət Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, həmin şəxslər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları (BDYPİ) tərəfindən Bakı-Qazax yolunda yerləşən postda saxlanılıb. Özlərini şübhəli apardıqlarına görə posta dəvət ediliblər. Sürücü ilə fərdi söhbət aparılarkən sərnişinlərdən biri cibindən bıçaq çıxararaq uca səslə onları buraxmasalar özünə xəsarət yetirəcəyini bildirib, bu zaman digər sərnişin qaçmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Sürücü və sərnişinlər avtomobillə birgə Hacıqabul Rayon Polis Şöbəsinə (RPŞ) təhvil veriliblər. Polis şöbəsində avtomobilə baxış zamanı oradan heroin, marixuana, metamfetamin, elektron tərəzi, beşbarmaq və bıçaq aşkar olunaraq götürülüb. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə