Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ramin Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Sabirabad Rayon Məhkəməsində hakim Füzuli Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, R.Musayev 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə bu ilin iyun ayının 25-də baş verib. Belə ki, R.Musayev idarə etdiyi "VAZ 2103" markalı avtomobillə hərəkətdə olarkən Sabirabad-Həşimxanlı-Qaragüney avtomobilin yolunun Bulduq kəndi ərazisində "MTZ-80" markalı traktorun qoşqusuna çırpılıb. Hadisə nəticəsində avtomobilin sərnişini 1986-cı il təvəllüdlü Tural Əliyev ağır xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, ağır kəllə-beyin travması alan Turalın həyatını xilas etmək mümkün olmayıb. O, iyunun 28-də xəstəxanada dünyasını dəyişib. R.Musayevə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
