Məzmuna keç

Bakı Apellyasiya Məhkəməsinin sədri CEPEJ-in plenar iclasında iştirak edib

Dekabrın 4 və 5-də Fransanın Strasburq şəhərində Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) 41-ci Plenar iclası keçirilib.

E-huquq.az xəbər verir ki, iclasda Azərbaycanı Bakı Apellyasiya Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Mübariz Əkbərov təmsil edib.

İclasın gündəliyində süni intellektin tətbiqinin ədalət mühakiməsinin səmərəliyinin yüksəldilməsinə təsiri və imkanları (Avropa ölkələrinin təcrübəsinə istinadən, konkret misallar göstərilməklə), süni intellekt vasitəsi ilə məhkəmə qərarlarının anonimləşdirilməsi, mübahisələrin məhkəmədən kənar alternativ həlli, o cümlədən onlayn mediasiya, hakimlərin iş keyfiyyəti əmsallarının artırılmasının praktiki yolları və ümumən müasir çağırışlara uyğun məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi baxımından prioritet kimi görünən məsələlər daxil edilib.

Plenar iclasda ayrı-ayrı mövzular üzrə CEPEJ-in işçi qruplarının, habelə “Ədalət mühakiməsinin kristal tərəzisi” (“Crystal scale of justice”) mükafatının nominantlarının təqdimatları dinlənilib.

Cari ilin iyun ayından etibarən üzv dövlətlərdə məhkəmə-hüquq sahəsində yer almış diqqətəlayiq islahatlara həsr edilmiş sessiya zamanı Mübariz Əkbərov çıxış edərək, Azərbaycanın məhkəmə-hüquq sistemində aparılmış son institusional və qanunvericilik islahatları haqqında məlumat vermişdir. Bildirmişdir ki, məhkəmə hakimiyyətinin institusional müstəqilliyinin artırılması məqsədilə “Məhkəmə-Hüquq Şurası haqqında” və “Məhkəmələr və hakimlər haqqında” qanunlara mühüm dəyişikliklər edilmişdir. 9 iyun 2023-cü il tarixli yeni qanuna əsasən, Şuranın formalaşdırılması qaydaları beynəlxalq təcrübə, o cümlədən Avropa Hakimlərinin Məşvərətçi Şurasının (CCJE) və Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Dövlətlər Qrupunun (GRECO) Azərbaycanla bağlı muvafiq tövsiyyələri nəzərə alınmaqla təkmilləşdirilib.

Bu dəyişikliklərə əsasən, hakimlərin konfransında açıq səsvermə yolu ilə Şuranın yeni tərkibinin formalaşdırıldıği bildirilib.

Çıxış zamanı vurğulanmışdır ki, bu dəyişikliklərlə yanaşı, CEPEJ-in Hesabatına əsasən əhalinin hər 100.000 nəfərinə hakimlərin nisbətini artırmaq üçün hakimlərin seçim prosedurları sadələşdirilmiş və bu yaxınlarda (2023-cü ilin oktyabrı) yüksək faizlə (təxminən 53%) qadınların olduğu 32 yeni hakimin təyinatı edilmişdir. Bu prosesin davam etdiyini və bir neçə aydan sonra hakimlərin yeni təyinatının gözlənildiyi də qeyd edilib.

Dünya Bankı ilə sıx əməkdaşlıqda, Süni İntellekt və Biznes İntellektinin ədalət mühakiməsi və ictimai hüquqi xidmətlərin göstərilməsi prosesində tətbiqi üzrə xidmətlər göstərmək üçün məsləhətçi seçimi ilə bağlı tender prosedurlarına başlanılması haqqında məlumat verilib.

Məhkəmə islahatları ilə paralel olaraq, icra sistemində də aparılan islahatlarla bağlı qeyd edilmişdir ki, Dünya Bankı və Məhkəmə İcraçılarının Beynəlxalq İttifaqı ilə sıx əməkdaşlıq edərək Azərbaycanda müsbət beynəlxalq təcrübəyə əsaslanan özəl icra sisteminin yaradılması ilə bağlı məsləhətləşmələr aparılır.

Həmçinin, İtaliyalı həmkarlarla birlikdə “Mediasiya haqqında” Qanunun tətbiqinin qiymətləndirilməsi prosesinin həyata keçirildiyi, bu qiymətləndirmə əsasında Azərbaycanda mediasiya sisteminin modernləşdirilməsi sahəsində Avropa Şurası ilə növbəti layihəyə başlanılmasının nəzərdə tutulduğu bildirilib.

Plenar iclasın gündəliyi 2024-cü ilin tədbirlər planının müzakirəsi ilə yekunlaşıb.