Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Elxan Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Anar Sadıqovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, döngə 1-də yerləşən adsız kafedə qeydə alınıb. Belə ki, kafedə müştəri qismində olan Ağacabədi rayon sakini, 1998-ci il təvəllüdlü Quliyev Elxan Elşən oğlu aralarında baş vermiş mübahisə zamanı digər masada əyləşən Cəbrayıl rayon sakini, 1972-ci il təvəllüdlü Səfərov Səməndər Zəxara oğluna, həyat yoldaşı, Q.Səfərovana və S.Səfərovun bacısı oğlu, 2003-cü il təvəllüdlü Məmmədli İlkin Elşən oğluna bıçaq xəsarətləri yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
