Məzmuna keç

Göygöldə 1 nəfərin öldüyü, 3 nəfərin yaralandığı ağır qəza ilə bağlı məhkəmə başlayır

Göygöldə sərnişinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bayram Mamedovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Abdulla Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, qəza Göygöl-Toğanalı-Kəlbəcər yolunun Hacıkənd qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-21015” markalı avtomobilin “KamAZ” markalı yük maşını ilə toqquşması nəticəsində sərnişin Firdovsi Bayramov aldığı xəsarətlərdən hadisə yerində ölüb. 1998-ci il təvəllüdlü Xalay Tahirli, 1998-ci il təvəllüdlü Bayram Mamedov və Elgün Hüseynli isə xəstəxanaya yerləşdiriliblər. B.Mamedova qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə