Məzmuna keç

Ölümlə nəticələnən yol qəzası törədən sürücü 5 il azadlıqdan məhrum edildi

Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fuad Zərbalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, F.Zərbalıyev 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə iyun ayında baş verib. F.Zərbalıyev sürücülük vəsiqəsi olmadan, idarə etdiyi “Mercedes Benz C200” minik markalı avtomobil ilə Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun, Ağsu rayonu Muradlı kəndi ərazisindən keçən hissəsində, Ağsu şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək qarşıda dönmə əməliyyatı yerinə yetirən Əkbər Mehdiyevin idarə etdiyi “Qaz 3110” markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes" markalı avtomobildəki sərnişin yüngül xəsarət alıb. "QAZ-31" markalı avtomobilin sürücü Ə.Mehdiyev isə aldğı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. F.Zərbalıyeva qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə