Qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana narkotik vasitələr gətirməkdə təqsirləndirilən Surxay Mamedov və Məhəmməd Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Füzuli rayon sakinləri, 1982-ci il təvəllüdlü Mamedov Surxay Əli oğlu və 1991-ci il təvəllüdlü Məmmədov Məhəmməd Kərim oğlu Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisindən narkotik vasitələri qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirməyə çalışarkən saxlanılıblar. Onların üzərlərinə baxış zamanı ümumi çəkisi 14 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
