Sumqayıtda oğurluq etməkdə təqsirləndirilən Rövşən Xələfovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
Hakim Rövşən Xəlilovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, zərərçəkən Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında kartından pul çıxarmaqda ona köməklik etməsi üçün tanımadığı şəxsə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edərək hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi oradan uzaqlaşandan sonra bankomatdan çıxan pulu isə götürərək hadisə yerindən uzaqlaşıb. Hadisəni törətməkdə şübhəli bilinən Rövşən Xələfov saxlanılıb. O, bankomatların qarşısında dayanaraq, əsasən, ahılların təqaüd kartlarından pullarını oğurladığını etiraf edib. R.Xələfova qarşı Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
