Dekabrın 15-də Azərbaycan Hakimlər İttifaqı İctimai Birliyinin təşəbbüsü ilə Sumqayıt şəhərində, Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan məhkəmə hakimlərinin iştirakı ilə görüş keçirilib.
E-huquq.az xəbər verir ki, Azərbaycan Hakimlər İttifaqı İctimai Birliyinin sədri Ramiz Rzayev seminarı açaraq ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar, vahid məhkəmə təcrübəsinin formalaşması və tətbiqi ilə bağlı görülən işlər, eləcə də cinayət, mülki, kommersiya və inzibati mübahisələrə baxılarkən ortaya çıxan problemlər barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, ölkəmizdə məhkəmə-hüquq sistemində islahatlar hər zaman dövlətin diqqət mərkəzində olub. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dövlətçiliyin təməl prinsiplərindən sayılan qanunun aliliyinə, insan hüquqları və demokratik dəyərlərin qorunmasına xüsusi diqqət verir. Əsası Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev tərəfindən qoyulan məhkəmə-hüquq islahatları bu gün dövlət başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanğıcı hesab olunan sonuncu böyük həcmli islahatlar “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının qəbulu ilə başlayıb. Bu sənədin icrası ölkəmizdə ədalət mühakiməsinin yüksək keyfiyyətlə həyata keçirilməsi və hüquqların məhkəmədə müdafiəsinin daha da güclənməsinə müsbət təsir göstərib. Son illərdə məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmələrin və hakimlərin təminatının gücləndirilməsi ilə bağlı mühüm işlər görülüb. Aparılan islahatlar vahid məhkəmə təcrübəsinin formalaşması və tətbiqinə dəstək vermək məqsədi daşıyır.
Görüşdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Tahir Kazımov “Narkotiklərlə mübarizəyə dair qanunvericiliyin tətbiqi zamanı məhkəmə təcrübəsində qarşılaşılan problemlər”, Abiddin Hüseynov “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi məsələləri”, Bəhram Məmmədli “Müflüsləşmə və iflas proseduru ilə bağlı işlərin araşdırılması xüsusiyyətləri” mövzisinda məruzə ilə çıxış ediblər. Görüşdə mövzularla bağlı diskusiya aparılıb, verilmiş suallar ətraflı cavablandırılıb.
