Məzmuna keç

Ali Məhkəmədən alimentin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsinə dair işlərdə sübutetmə yükü ilə bağlı

Azərbaycan Respublikasının Ali Məhkəməsi alimentin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsinə dair işlərdə sübutetmə yükü ilə bağlı hüquqi mövqeyi açıqlayıb.

E-huquq.az xəbər verir ki, Ali Məhkəmənin Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə qəbul etdiyi qərardadda qeyd edilib ki, ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti və s. nəzərə alınmalıdır.

Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır.

Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür.

Ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir.

Aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutları təqdim etdiyi halda, aliment alan tərəf ödənilən alimentin mühüm hissəsini uşağın təhsilinə, müalicəsinə və digər təminatına xərclədiyinə dair etiraz irəli sürərsə, bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsini daşıyır. Bu zaman nəzərə alınmalıdır ki, uşağı saxlayan valideynin uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yoxdur.