Qaxda sərnişinin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Səbuhi Poladovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Qax Rayon Məhkəməsinə göndərilib.
İş hakim Malik Qarayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 8-nə təyin olunub.
Qeyd edək ki, hadisə Qax şəhəri ərazisində baş verib. Belə ki, Səbuhi Poladovun idarə etdiyi “Niva” markalı avtomobil yolun kənarında dayanan traktorun qoşqusuna çırpılaraq aşıb. Nəticədə “Niva” markalı avtomobildəki sərnişin, 1975-ci il təvəllüdlü Qax şəhər sakini Qocayev Coşqun Oktay oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
