"2023-cü il bir çox əlamətdar hadisələrlə yadda qaldı. Cari ildə Xalqımız Müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Ali Məhkəmə tərəfindən Ümummilli Liderin əziz xatirəsinə həsr olunmuş bir sıra yerli və beynəlxalq tədbirlər təşkil olunub. Fəxrlə qeyd etmək istəyirəm ki, bu il ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaəti sayəsində Azərbaycanın suverenliyi onun bütün ərazisində bərpa edilib. Bütün vətəndaşlarımız kimi məhkəmə-hüquq sisteminin təmsiçiləri olaraq qələbəmizlə qürur duyuruq".
E-huquq.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin Mülki kollegiyasının sədri və Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev məlumat verib.
O xatırladıb ki, cari ildə Ali Məhkəmə özünün 100 illik yubileyini qeyd edib. Bu çərçivədə ölkəmizdə bir çox dövlətlərin Ali Məhkəmə sədrlərinin iştirakı ilə beynəlxalq konfrans keçirilib.
"Dövlət başçısının sərəncamı ilə Ali Məhkəmənin hakimlərinin və bir sıra məsul əməkdaşlarının ədalət mühakiməsinin həyata keçirilməsində olan xidmətləri yüksək qiymətləndirilməklə, dövlət təltiflərinə layiq görülüb. Möhtərəm cənab prezidentin məhkəmə-hüquq sisteminə olan diqqətini daim hiss etmişik və bu münasibətlə bir daha təşəkkürümüzü bildiririk. Yola saldığımız ildə Mədəniyyət paytaxtımız olan Şuşa şəhərində Azərbaycan Respubulikası Ali Məhkəməsinin təşəbbüsü ilə Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransı təsis edilməklə məhkəmə-hüquq sahəsində yeni beynəlxalq əməkdaşlıq platformasının təməli qoyulub", – deyə S.Hacıyev qeyd edib.
