Mayın 27-də Dövlət Gömrük Komitəsi (DGK) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında yaradılan Əməkdaşlıq Şurasının iclası keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən e-huquq.az-a verilən məlumata görə, görüşdə DGK sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, aidiyyəti qurumların rəhbərləri, ASK-nın vitse-prezidenti Vüqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
DGK sədrinin birinci müavini İ.Hüseynov görüşün hər iki tərəf üçün xüsusi önəm daşıdığını bildirib və Prezident İlham Əliyevin gömrük sistemində həyata keçirdiyi innovativ islahatlardan bəhs edərək tətbiq edilən yeniliklərin sahibkarlıq mühitinin yaxşılaşdırılmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, gömrük orqanları ölkənin ixrac və tranzit potensialının artırılması, münbit və şəffaf biznes mühitinin yaradılması istiqamətində müvafiq addımlar atır və biznes-gömrük əməkdaşlığının gücləndirilməsi bu sahədə mühüm nailiyyətlərin əldə olunmasına şərait yaradır.
İ.Hüseynov gömrük sistemində həyata keçirilən islahatların gömrük işinin fəlsəfəsini nəzarətdən – xidmətə doğru dəyişdiyini vurğulayıb və sahibkarlıq subyektlərinin məmnunluğunun maksimum dərəcədə təmin olunmasına şərait yaratdığını diqqətə çatdırıb.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti V.Abbasov Prezident İlham Əliyev tərəfindən gömrük sistemində aparılan islahatların xüsusilə son bir ildə sahibkarların fəaliyyətində müsbət dönüş yaratdığını bildirib. V.Abbasov qeyd edib ki, gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirilməsi, şəffaflığın təmin olunması, xidmət mədəniyyətinin yüksəldilməsi sahibkarlar tərəfindən təqdirlə qarşılanır.
O da qeyd olunub ki, tədbirdə müzakirə ediləcək məsələlər müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlarla görüşlər nəticəsində əldə olunan ümumi rəylərə əsaslanır.
Sonra iclasda malların və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesləri, gömrük dəyərinin müəyyən edilməsi, gömrük ekspertizası, "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə hüququnun əldə edilməsi və digər məsələlər müzakirə olunub, sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.
