Məzmuna keç

83 yaşlı kişini maşınla vurub öldürən sürücü 3 il azadlıqdan məhrum edildi

Siyəzəndə piyadanın ölümü ilə nəticələnən İlyas Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Siyəzən Rayon Məhkəməsində hakim Bəylər Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ.Ələsgərov 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə 2023-cü ilin noyabr ayında baş verib. Ələsgərov İlyas Qismət oğlu səhər saatlarında idarə etdiyi "VAZ-2106" markalı avtomobili ilə yolu keçən 1940-cı il təvəllüdlü İsgəndərov Mikayıl Muxtar oğlunu vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. İ.Ələsgərova qarşı Cinayət Məcəlləssinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə