Məzmuna keç

Hakimlər İttifaqının üzvləri Hüquq fakültəsinin tələbələri ilə görüşdülər –

Fevralın 23-də Bakı Dövlət Universiteti (BDU) Hüquq fakültəsinin və Azərbaycan Hakimlər İttifaqının birgə təşəbbüsü ilə bir qrup hakimin tələbələrlə görüşü keçirilib.

E-huquq.az xəbər verir ki, tədbirdə Hakimlər İttifaqının sədr müavini Ələddin Cəfərov, Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Tahir Kazımov, Ali Məhkəmənin Mülki kollegiyasının hakimi Abiddin Hüseynov, Ali Məhkəmənin sabiq hakimi Əsəd Mirzəliyev, Binəqədi rayon məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən Abbas Rzayev, Hakimlər İttifaqının mətbuat xidmətinin rəhbəri Kəramət Əliyev, Hüquq fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Hüquq fakültəsinin dekanı Zaur Əliyev tədbirin əhəmiyyətini vurğulayaraq fakültənin məhkəmə orqanları ilə əməkdaşlığının, həmçinin hakimlərin mütəmadi olaraq tələbələr qarşısında mühazirələrlə çıxış etməsinin praktikayönümlü peşəkar hüquqşünas kadrların formalaşmasına yardımçı olduğunu bildirib. Hüquq fakültəsinin Ali Məhkəmə ilə sıx əməkdaşlıq etdiyini qeyd edən dekan Femida Dialoq Platforması çərçivəsində hüquq elminin və praktikasının inkişafına xidmət edən faydalı müzakirələrin keçirildiyini, həmçinin tələbələrin Femida Könüllüləri Təşkilatında fəal iştirak etdiklərini diqqətə çatdırıb.

Tədbirdə iştirak edən hakimlər və Hakimlər İttifaqının üzvləri əlavə kassasiya qaydasında icraat, mirasın qəbul edilməsi qaydası və müddəti (nəzəri və təcrübi problemlər) ilə bağlı mövzularda ətraflı çıxışlar edib və tələbələrin çoxsaylı suallarını cavablandırıblar.

Tələbələr bu cür tədbirlərin onların nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılmasına mühüm töhfə olduğunu bildiriblər.