Bakı Apellyasiya Məhkəməsində qeyri-rəsmi yaşadığı qadına işgəncə verib, həmçinin onun azyaşlı qızını zorlamaqda təqsirləndirilən Seymur Şahalıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Azər Hüseynli məlumat verib.
Onun sözlərinə görə, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, iş yenidən araşdırılması üçün geri qaytarılıb.
A.Hüseynli deyib ki, həmkarı Rəşad Abbasovla birgə müdafiə etdikləri təqsirləndirilən şəxs Şahalıyev Seymur Fərhad oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17 maddəsi üzrə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında müdafiəçi A.Hüseynli "apellyasiya şikayətinə baxılmasına xitam verilməsi və cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması haqqında" vəsatət təqdim edib.
"Vəsatətdə göstərilən əsaslar sırasında təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı müdafiə hüququnun kobud şəkildə pozulması, məhkəmə baxışının təqsirləndirilən şəxsin iştirakına dair tələblərin pozulması ilə keçirilməsi və s. göstərilib. Vəsatətlə bağlı Bakı Apellyasiya Məhkəməsinin işə baxan Cinayət Kollegiyası 5 ilkin baxış iclası keçirib, ətraflı araşdırma aparıb. Vəsatət əsaslı hesab edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü ləğv edilib, iş yenidən araşdırılması üçün geri qaytarılıb", – deyə vəkil qeyd edib.
Qeyd edək ki, S.Şahalıyev barəsində Cinayət Məcəlləsinin 133.2.2 (əzab vermə, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə), 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə), 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda), 144.2.1-ci (adam oğurluğu, iki və ya daha çox şəxs barəsində törədildikdə), 145.2.2-ci (qanunsuz azadlıqdan məhrum etmə, təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə), 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 156.1-ci (şəxsi həyatın toxunulmazlığını pozma, Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması), 157.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma), 178.2.2-ci (dələduzluq, təkrar dələduzluq), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə), 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 242-ci maddələri üzrə cinayət işi başlanıb.
Şəbnəm Mehdizadə
