Məzmuna keç

Sumqayıt Regional Vəkil Bürosunda 38 nəfərə ödənişsiz hüquqi yardım göstərilib – FOTO

Sumqayıt Regional Vəkil Bürosunda 38 nəfərə ödənişsiz hüquqi yardım göstərilib

Sumqayıt Regional Vəkil Bürosunda 38 nəfərə ödənişsiz hüquqi yardım göstərilib.

E-huquq.az xəbər verir ki, bu barədə büronun yaydığı bəyanatda qeyd olunur.

Məlumatda bildirilib ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün ödənişsiz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilib.

Sərəncamın icrası məqsədilə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırovun göstərişinə uyğun olaraq, Respublika günü və Azərbaycan vəkilliyinin 100 illiyi münasibətilə 28 may 2019-cu il tarixdə saat 10:00-dan 18:00-dək əhalinin aztəminatlı təbəqəsinə ödənişsiz hüquqi yardım göstərilib. Büroda fəaliyyət göstərən 11 nəfər vəkildən 10 nəfəri tərəfindən bilavasitə göstərilən hüquqi yardımdan gün ərzində əhalinin aztəminatlı təbəqəsinə aid olan 38 nəfər yararlanıb. Benefisiarların əksəriyyəti Sumqayıt şəhər sakinləri və Sumqayıtda məskunlaşmış qaçqın və məcburi köçkünlər olub, bir nəfər Bakı şəhər sakini, bir nəfər isə Quba rayon sakini də pulsuz hüquqi yardım alıb.

Ödənişsiz hüquqi yardım təkcə məsləhətlərin verilməsi ilə məhdudlaşmayıb, iddia ərizələri, apellyasiya şikayətləri, dövlət orqanlarına ərizə və şikayətlər yazılıb. Göstərilən ödənişsiz hüquqi xidmətlər müvafiq qeydiyyat kitabında qeydə alınıb, hüquqi xidmətdən yararlanan şəxslər qeydiyyat kitabına imza etməklə ödənişsiz hüquqi yardımdan istifadə etdiklərini təsdiq ediblər.

Sumqayıt Regional Vəkil Bürosunun kollektivi xalqımızı Respublika günü münasibətilə təbrik edir, xoşbəxt və firavan həyat arzulayır.

Əlavə olaraq bildirik ki, Büromuzun kollektivi kütləvi ödənişsiz hüquqi yardım aksiyalarının mütəmadi olaraq keçirilməsi barədə qərar verib, növbəti kütləvi ödənişsiz hüquqi yardım aksiyası 15 iyun Milli Qurtuluş günü münasibətilə 15 iyun 2019-cu il tarixinə (saat 10:00-dan 18:00-dək) təyin edilib.

15 iyun aksiyasından yararlanmaq üçün qeydiyyata düşməyiniz xahiş olunur.

Qeydiyyat üçün (018) 656 22 11 nömrəsinə zəng etməyiniz, [email protected] elektron poçtumuza yazmağınız və ya büromuzun rəsmi facebook səhifəsinin mesaj bölümündən müraciət etməyiniz xahiş olunur.

Ünvan: Sumqayıt şəhəri, 9-cu mikrorayon, Zülfü Hacıyev küçəsi 71