Məzmuna keç

“Hakim təyinatları ilə bağlı prosedurların daha şəffaf mexanizminin tətbiqinə nail olunub”

"Məlumdur ki, Azərbaycan Respublikasının Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il tarixli Fərmanında məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi kimi ciddi vəzifələr müəyyənləşdirilib.Təsadüfi deyil ki, məhz bu normativ hüquqi akt məhkəmə-hüquq islahatlarının yeni mərhələsini başladıb, ötən bir il ərzində isə reformlar keyfiyyətcə tamamilə yeni bir dövrə qədəm qoyub. Müvafiq Fərmandan sonra məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə məhkəmə sistemimizə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayının 200 nəfər artırılması, həm vakant yerlər, həm də əlavə ayrılmış ştatlar üzrə yerlərin yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi üçün fasiləsiz sənəd qəbuluna başlanıb, şəffaf və obyektiv hakim seçimləri intensivləşdirilib. Son bir ildə isə cənab Prezidentin iradəsinə müvafiq olaraq hörmətli İnam Kərimovun rəhbərliyi altında Məhkəmə-Hüquq Şurası bu prosesin daha effektiv və daha çevik təşkilinə, o cümlədən təyinatlarla bağlı prosedurların daha şəffaf mexanizminin tətbiqinə nail olub".

Bunu e-huquq.az-a açıqlamasında deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında baxılan və plenar iclasa tövsiyə edilən Azərbaycan Respublikası Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərinin təyin edilməsi, o cümlədən Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında məsələlər məhz yeni çağırışlara uyğun olaraq müxtəlif instansiya məhkəmələrinin yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hakimlər hesabına gücləndirilməsini ehtiva edir.

"Milli Məclisə daxil olan təqdimatda vəzifələrə namizədliyi müzakirə olunan hakimlərimizin hər birinin əvvəlki dövr üzrə fəaliyyəti ciddi təhlil olunub, onların ədalət mühakiməsinin Konstitusiya və qanunlara uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirilməsinə, yüksək hakim adına hörmət ruhunda davranmaqla məhkəmələrə olan etimadın daha da möhkəmləndirilməsinə töhfə verəcəkləri şübhə doğurmur.

Bildiyiniz kimi, layihədə, eyni zamanda yuxarı instansiya məhkəmələrində bəzi hakimlərin vəzifələrindən azad edilməsi nəzərdə tutulub. Qeyd etməliyik ki, bu həmin hakimlərə münasibətdə intizam tədbiri deyil. Bu ya hakimlərin arzusuna, yaxud hakimlərin peşəkar keyfiyyətlərini təhlil etmiş Məhkəmə-Hüquq Şurasının elə həmin hakimlərin özlərinin razılığı ilə onlara birinci instansiyada inzibati vəzifə təklif edilməsi ilə bağlıdır. Nəzərə alaq ki, qanunla məhkəmə hakimiyyətini ayrılıqda hər hansı instansiya yox, Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin I və II hissələrinə əsasən, ədalət mühakiməsi yolu ilə bütövlükdə məhkəmələrimiz həyata keçirirlər. Bu mənada, qətiyyətlə deyə bilərik ki, bu layihə cənab Prezidentin imzası ilə Parlamentə daxil olmuş sənəddə adı keçən hər bir hakimə dövlətin böyük etimadının göstəricisidir", – deyə B.Məhərrəmov qeyd edib.

Şəbnəm Mehdizadə