Bakıda vətəndaşı aldadaraq külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Asif Əsədullazadənin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahid Səməd Məmmədov təqsirləndirilən şəxsi Azər həkimin vasitəsilə tanıdığını deyib: "Atamın məhkəmə işi gedirdi. Biz ailəlikcə düşünürdük ki atamın məhkəmədə işini Asif Əsədullazadə həll edəcək. Bizə dedi ki, məhkəmədə dostlarım var. Bizə xüsusilə bildirdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq sədri, mərhum hakim Mahmud Nəbiyev tanışıdı və elə işimizi də onun vasitəsilə həll edəcək. İlkin olaraq təqsirləndirilən şəxs bizdən 50 min pul istədi. Daha sonra 50 mini qaytardı. Və bizə 205 min pul istədi. Ancaq 50 mini qaytarmışdı deyənə bizim etibarımızı qazandı. Biz 205 mini pulu da borc almışdım. İşi alındırmadı və pulu qaytarmadı. Dedi pul yoxdu amma onun əvəzinə sizə ev və torpaq verə bilərəm".
Məhkəmənin növbəti iclası mayın 31-nə təyin edilib.
İttiham aktında göstərilib ki, təqsirləndirilən şəxs sayılan Asif Əsədullazadə zərərçəkmiş Vüqar Məmmədov Əlxuda oğlunun etibarından sui-istifadə edərək özünün cəmiyyətdə yüksək nüfuza və geniş əlaqələrə malik şəxs olmasına inandırıb.
Bildirib ki, guya müxtəlif dövlət orqanlarında işləyən yüksək vəzifəli tanışlarının köməkliyi və məhkəmələrdə olan əlaqələrindən istifadə edərək zərərçəkmişin əmisi olan Əliyar Məmmədov barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsi üzrə baxılan cinayət işini müsbət həll edəcəyi barədə yalan vəd verib.
Beləliklə, Asif Əsədullazadə zərəçəkmişə qarşı 205 000 manat maddi ziyan vurub.
Bununla da Asif Əsədullazadəyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
