Külli miqdarda dələduzluqda ittiham olunan “Gerlift Group” MMC-nin təsisçisi və direktoru Tural Nəcəfovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Hacı Salayev dindirilib.
O bildirib ki, 2020-ci ilin ortalarında fərdi ev tikintisi üçün lift avadanlıqları lazım olub: "Mənə memarlar təklif etdi ki, "Gerlift" MMC şirkət ilə əməkdaşlıq edim. Tural ilə görüşdüm, Almaniya şirkətinin Bakı nümayəndəliyinin rəsmisi olan bu şəxsə ilk olaraq 40 min avro ödədim. Bu şirkətin etibarlılığını yoxlamaq məqsədi ilə Almaniyada olan nümayəndəsi türk millətindən Əhməd Canpolad ilə əlaqə saxladım, o təsdiq etdi ki, həqiqətən pul bizə köçürülüb. Ancaq şirkət bizə dedi ki, həmin məbləğ ödənilməyib, gedin probleminizi Azərbaycanda həll edin. Cəmi 90 min avro, 4 min dollar pul vermişəm Turala. 5 ay ərzində bütün işlər görülməli idi, avadanlıqlar Almaniyada gəlməli idi. Həmin türk barədə Almaniyada məhkəmə prosesinə hazırlaşıram. Mənim şikayətimdən sonra onu işdən qovdular. Mən hətta Turala təklif etdim ki, sənin qazancın nədirsə, mən sənə verim, özüm birbaşa Almaniyadakı nümayəndələrlə əlaqə saxlayım. Əhməd isə dedi ki, yox, ancaq Tural ilə əlaqə saxlayın".
Təqsirləndirilən Tural Nəcəfov zərərçəkmişin sözlərini təsdiqləyib.
Məhkəmənin növbəti mərhələsində digər zərərçəkmiş Bəxtiyar Məmmədov ifadə verib. Bildirib ki, şəxsi villası üçün lift sifariş verib, Turala ümumilikdə 17 min dollar pul verib: "O, puldan təxminən 6 min dolları qaytarıb. Azadlığa çıxmağını istəyirəm".
Şahid Abas Aslanov ifadə verərək qeyd edib ki, zərərçəkmiş Hacı Salayevlə dostdur: "Pul 3 dəfəyə mənim iştirakımla Turala verilib".
Məhkəmənin növbəti iclası iyunun 11-nə təyin edilib.
Orxan Rasifoğlu
