Bakıda ona faizə pul verən şəxsi öldürməkdə təqsirləndirilən Elvin Əsədovun cinayət işi üzrə məhkəməsi keçirilib.
E-huquq.az-ın məlumatına görə, məhkəmədə ilk olaraq təqsirləndirilən şəxsin atası Səyavuş Əsədov şahid qismində ifadə verərək qeyd edib ki, Elvin faizi Zamiqdən ötən ilin avqust ayında götürüb: "O biri övladım tələbə idi, ildə ona görə 2200 manat təhsil haqqı verirdim. Yoldaşım xərçəng xəstəsi idi, artıq rəhmətə gedib. Elvinin Zamiqdən 2500 manat faizə pul götürməyini dekabr ayının 25-də bildim. Mən banklardan pul götürmək üçün müraciətlər etmişdim. Dedim ki, narahat olma, qəpiyinə kimi ödəyirik. Oğlum qırağa çəkilib telefonla danışırdı, hiss edirdim ki, problemi pulla bağlıdır. Ancaq pul hadisə baş verən günün səhəri hazır oldu. Oğlum yanvar ayında məzuniyyətə çıxıb 13-14-cü maaşını almalı idi, o vaxta planlaşdırırdı borcunu qaytarmağı. Mənim oğlumun 2 nəfərə borcu var idi. Elvin hərbçi olub, onun üstündə bıçaq olmayıb".
Məhkəmə zalında iştirak edən zərərçəkmişin hüquqi varisi Suğra Cabbarova Elvinin hadisə baş verən vaxt başqa bir şəxsə də 5 min manat borcu olduğunu qeyd edib. Həmçinin xahiş edib ki, Zamiqin kartından Elvinin kartına hansı tarixdə pul köçürülməsi ilə bağlı bankdan məlumatlar alınsın.
Məhkəmənin növbəti iclası sentyabrın 2-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabrın 30-da paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Aparılmış istintaqla müəyyən edilib ki, Elvin Əsədov tanışı Zamiq Cabbarova olan 2500 manat faiz pul borcunu ödəməkdən yayınmaq və qisas almaq məqsədilə Nəsimi rayonunun Cavadxan küçəsi ərazisində sonuncuya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
