Məzmuna keç

Qızını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

Bakıda qızını öldürməyə cəhd etməkdə təqsirləndirilən Rəfail Cavadovun cinayət işi üzrə məhkəməsi keçirilib.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Rəna Cavadova ifadə verib.

"Atam telefonumda müəyyən açıq-saçıq şəkillərimi görüb. Mən həmin şəkillərimi heç yerdə paylaşmamışdım. Atam mənə bıçaqla xəsarət yetirəndə yanımızda heç kim yox idi. Mən üzümü tutmuşdum, 5 bıçaq zərbəsi vurub mənə. Atam mənə xəsarət yetirəndə heç kim yox idi. Sonra isə qonşu gəldi. Mənim ondan heç bir şikayət və tələbim yoxdur", – deyə o bildirib.

Məhkəmədə sorğu-sual zamanı məlum olub ki, zərərçəkmiş R.Cavadova 6 il öncə həyat yoldaşından ayrılıb. Onun özündən 14 yaş kiçik şəxslə sevgi münasibəti olub. Həmin şəxsin atası M.Quliyev Rənanın atasına yaxınlaşaraq qızının açıq-saçıq fotolarının onun oğlunun telefonunda olduğunu bildirib. Bundan sonra Rəfail Cavadov bu sözlərə dözməyərək qızını öldürmək istəyib.

Məhkəmənin növbəti iclası sentyabrın 3-nə təxirə salınıb.

Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1958-ci il təvəllüdlü Rəfail Cavadov qısqanclıq zəminində qızı Rəna Cavadovanı 5 bıçaq zərbəsi ilə xəsarət yetirib. Rəfail Cavadov hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldurməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu