Məzmuna keç

Məhkəmə dünya çempionu Ehram Məcidovun cəzasını azaltdı

Məhkəmə dünya çempionu Ehram Məcidovun cəzasını azaltdı 

Ali Məhkəmədə "Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri, “Xocalı” idman klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidov barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

Zərərçəkmiş şəxsin vəkili Ceyhun Yusifov e-huquq.az-a açıqlamasında deyib ki, məhkəmə idmançının şikayətini təmin edib və onun cəzasını cəzası 6 il 6 aydan 3 ilə endirib. Vəkil bu qərarın ədalətsiz olduğunu deyərək, yaxın zamanlarda məsələ ilə bağlı mətbuat konfransı keçirəcəklərini qeyd edib.

Xatırladaq ki, Ehram Məcidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını ağırlaşdıraraq 6 il 6 ay etmişdi.

İş üzrə zərərçəkmiş şəxs Ehram Məcidovun qayınatası 1953-cü il təvəllüdlü Bəhruz Dilbazidir. Davaya səbəb ailə münaqişəsi zəminində başlayan mübahisələr idi.

Ehram Məcidov qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülmüşdü.