İtaliyanın Sardiniya adasında 15 restoran ailələrin yemək zamanı mobil telefon və digər elektron cihazlardan istifadəsini məhdudlaşdırmağa yönəlmiş bir aylıq pilot layihəyə qoşulub.
E-huquq.az xarici mətbuaa istinadən xəbər verir ki, uşaqların ekran qarşısında keçirdiyi vaxtı azaltmaq və ailədaxili ünsiyyəti gücləndirmək məqsədilə həyata keçirilən təşəbbüs çərçivəsində restoranlarda yemək yeyən ailələrdən telefonlarını kənara qoymaları istəniləcək.
“A tavola senza schermi” (“Ekransız süfrə”) adlanan layihəyə Sardiniya Uşaq Ombudsmanı Anna Kau rəhbərlik edir. Təşəbbüs uşaqların rəqəmsal cihazlardan həddindən artıq istifadəsinin qarşısını almağa və ailə üzvləri arasında canlı ünsiyyəti artırmağa yönəlmiş kampaniyanın bir hissəsidir.
Gələn həftə başlayacaq və bir ay davam edəcək pilot layihədə iştirak könüllülük əsasında həyata keçirilir.
Uşaq məhkəməsində hakim kimi də çalışmış Anna Kau bildirib ki, təşəbbüsün məqsədi yalnız qadağalar tətbiq etmək və ya bütün məsuliyyəti valideynlərin üzərinə qoymaq deyil.
“Daha geniş sosial mühit valideynlərə dəstək olmalı və uşaqların başqaları ilə ünsiyyət qurmasına kömək etməlidir”, – deyə o bildirib.
Kau vurğulayıb ki, böyüklərin və uşaqların həyatını dəstəkləyən, real ünsiyyətə imkan verən mühitlər yaradılmalıdır.
Onun sözlərinə görə, bu təşəbbüs mürəkkəb problemin həllinə yönəlmiş daha geniş yanaşmanın kiçik bir addımıdır.
Ailələr telefonlarını kənara qoyduqdan sonra restoran əməkdaşları onlara oyunlar və rəsm ləvazimatlarından ibarət xüsusi “yenidən ünsiyyət dəsti” təqdim edəcəklər.
İtaliya Pediatrlar Federasiyası tərəfindən hazırlanan dəst 18 yaşadək uşaqların valideynləri ilə söhbətə başlamasına və ünsiyyət qurmasına kömək etmək məqsədi daşıyır.
Dəstə uşaqları gün ərzində başlarına gələnləri və yaşadıqları hadisələri ailə üzvləri ilə bölüşməyə təşviq edən müxtəlif fəaliyyətlər daxildir.
Bundan əlavə, dəstdə rəqəmsal mühitə həddindən artıq məruz qalmağın risklərini izah edən məlumat broşürü və evdə sosial şəbəkələrdən istifadənin tənzimlənməsinə dair tövsiyələr də yer alır.
Anna Kau bildirib ki, restoranlar ailədaxili ünsiyyəti gücləndirmək üçün oyunlar kimi alternativ fəaliyyətlər təklif edəcəklər.
Onun sözlərinə görə, oyunlar restoranlarda nahar və ya şam yeməyi müddətinə uyğunlaşdırılıb və müəyyən vaxt çərçivəsində oynanılması üçün nəzərdə tutulub.
Şəbnəm Mehdizadə
