Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə xüsusi önəm verir və bu istiqamətdə daim səylər göstərir.
E-huquq.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin Bakıda keçirilən üçüncü yüksək səviyyəli iclasının iştirakçılarına müraciətində bildirilib.
Müraciətdə deyilir ki, korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan, sosial ədalətə, sağlam rəqabətə və iqtisadi inkişafa xələl gətirən cinayətdir. “Bəzi hallarda bu növ cinayətlərin transsərhəd xarakteri müvafiq tədbirlərin həm milli, həm də beynəlxalq müstəvidə görülməsini zəruri edir. Bu xüsusda, “İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq mühafizə əməkdaşlığı haqqında Məkkə Əl-Mükərrəmə Konvensiyası” bu sahədə vahid hüquqi platforma formalaşdıran strateji sənəddir. Azərbaycanın bu Konvensiyaya qoşulması beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük önəm daşıyır”, – deyə dövlətimizin başçısının müraciətində vurğulanıb.
