Məzmuna keç

Ali Məhkəmə piyadanın ölümündə təqsirləndirilən sürücü ilə bağlı qərar verdi

Ali Məhkəmədə Bakıda ölümlə nəticələnən yol qəzasında təqsirləndirilən Ramiz Mirzalıyevin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb

Ali Məhkəmədə Bakıda ölümlə nəticələnən yol qəzasında təqsirləndirilən Ramiz Mirzalıyevin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Bu barədə e-huquq.az-a vəkil Əli Hüseynov məlumat verib. O bildirib ki, hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub: "Qərara əsasən, R. Mirzalıyev barəsində çıxarılan bəraət qərarı qüvvədə saxlanılıb. 5 illik əziyyətin sonu yaxşı qurtardı. Çünki bundan əvvəl Ali Məhkəmə bu işi geri qaytarmışdı. Ancaq sonda yenə uğur əldə etdik və təqsirləndirilən şəxsin günahsızlığı sübut olundu".

Qeyd edək ki, hadisə 2015-ci il fevralın 20-də baş verib. R.Mirzalıyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Binəqədi şosesində hərəkətdə olarkən yolu keçmək istəyən piyada İlqar Xanməmmədovu vurub. İ.Xanməmmədov xəstəxanaya çatdırılıb.

Yaralı Azərbaycanda bir müddət müalicə olunandan sonra Gürcüstana aparılıb. Lakin o, hadisədən 1 il 4 ay sonra Gürcüstanda dünyasını dəyişib.

R.Mirzalıyevin barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə R.Mirzalıyevə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi prokurorun proitestini təmin etməyib, birinci instansiya məhkəməsinin bəraət hökmünü qüvvədə saxlayıb. Prokurorluq daha sonra kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə isə işi ləğv edərək, Bakı Apelyasiya məhkəməsinə qaytarmışdı.