Hindistan ordusu Kəşmirdə nəzarət xəttində ağ bayraq qaldırdı - YENİLƏNİB


  • 7 May 08:17

Hindistan ordusu Kəşmirdə nəzarət xəttində yerləşən Çora kompleksində ağ bayraq qaldırıb.

E-huquq.az-ın xəbərinə görə, bu barədə “Daily Pakistan” qəzeti təhlükəsizlik güclərindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Pakistan Ordusunun nəzarət xətti boyunca düşmən postlarına ciddi zərbə vurması Hindistan ordusunun Çora kompleksi postunda ağ bayraq asmasına səbəb olub.

Mənbələr həmçinin, Azad Cammu və Kəşmirdə nəzarət xətti yaxınlığındakı əməliyyatlarda iştirak edən Hindistanın əsas taktiki quruluşu olan 12-ci piyada briqadası, 9-cu diviziya, 15-ci korpusun qərargahının Pakistan Ordusu tərəfindən məhv edildiyini təsdiqləyib.

Xatırladaq ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanın mülki infrastrukturuna zərbələr endirib. Hücum nəticəsində azı 8 nəfər ölüb, 35 nəfər yaralanıb. Pakistan tərəfi Hindistanın təcavüzünə cavab tədbirləri görüb və son məlumata əsasən Hindistanın beş qırıcısı vurulub.

***

Pakistan Hərbi Hava Qüvvələri daha bir neçə Hindistan təyyarəsini vurub.

E-huquq.az-ın xəbərinə görə, bu barədə “Geo News” telekanalı təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

“Hazırda Pakistan Hərbi Hava Qüvvələri Fransa istehsalı olan iki “Rafale” və Rusiya istehsalı olan bir “Su-30” qırıcısı daxil olmaqla beş Hindistan təyyarəsini vurub”, - telekanalın mənbələri qeyd ediblər.

Təyyarələrdən biri Pakistanın “hava-hava” tipli raketi ilə məhv edilib. Pakistanın müdafiə naziri Xavaca Asif xəbəri təsdiq edib.

***

Pakistanın Hava Hücumundan Müdafiə Sistemi Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Fransa istehsalı olan iki “Rafale” qırıcısını vurub.

E-huquq.az xəbər verir ki, bu barədə “SAMAA TV” Pakistanın təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, Hindistanın Pakistanın üç şəhərinə raket zərbələri endirməsindən sonra rəsmi İslamabad hava məkanını bağlayıb, qırıcı təyyarələrini səmaya qaldırıb.

***

Pakistan üç şəhərinə endirilən raket zərbələrinə cavab olaraq Hindistandakı hədəfləri vurub.

E-huquq.az xəbər verir ki, bu barədə “Samaa TV” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, qərar Hindistanın mülki şəxslərə hücumu səbəbindən qəbul edilib.

Qeyd edək ki, Hindistanın Pakistanın üç şəhərinə raket zərbələri endirməsindən sonra rəsmi İslamabad hava məkanını bağlayıb, qırıcı təyyarələrini səmaya qaldırıb.

***

Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib.

E-huquq.az xəbər verir ki, bu barədə “ARY News”a Paksitan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri məlumat verib.

Onun sözlərinə görə, Hindistan ordusunun hədəfi Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabad olub. Vurğulanıb ki, hazırda raket zərbələri nəticəsində dəyən ziyan qiymətləndirilir.

General qeyd edib ki, Hindistanın xain hücumu cavabsız qalmayacaq.

KİV-in məlumatına görə, Bahavalpurda dörd partlayış qeydə alınıb, vətəndaşlar təşvişə düşərək evlərindən çıxıblar.

Oxşar xəbərlər