Çernobılda torpaq sahələri yenidən kənd təsərrüfatı üçün yararlı hala gəlib


  • 7 May 13:43

Ukraynada 1986-cı ildə Çernobıl AES-də baş vermiş faciədən sonra bəzi torpaqların yenidən kənd təsərrüfatı üçün yararlı olduğu müəyyən edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, faciədən sonra Ukraynanın şimalında geniş ərazilər kənd təsərrüfatı üçün yararsız hesab edilib. AES-in ətrafındakı 4200 kvadrat kilometrlik Çernobıl İstisna Zonası bu gün Avropanın ən böyük təbiəti mühafizə zonalarından biridir.

Bununla belə, tam evakuasiya olunmamış 2000 kvadrat kilometrlik Məcburi Köçürmə Zonasında minlərlə insan yaşamağa davam edir. Fəlakətdən sonrakı illərdə radioaktiv çürümə və yerüstü torpağın eroziyası nəticəsində ərazidə radiasiya səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Lakin 1991-ci ildə meyarlar müəyyən edildikdən sonra tərk edilmiş torpaqlar üçün yeni təsnifat aparılmayıb.

Son illər rayonda bəzi fermerlər məhdud da olsa, öz təşəbbüsləri ilə kənd təsərrüfatı məhsulları istehsalına başlayıblar. Journal of Environmental Radioactivity elmi jurnalında dərc edilən yeni bir araşdırma məhsulun torpağın böyük bir hissəsində təhlükəsiz şəkildə yetişdirilə biləcəyini təsdiqləyir.

Tədqiqatçılar Jitomir vilayətində təxminən 100 hektar sahədə çirklənmə səviyyəsini araşdırıb və həmin ərazidə kartof, taxıl, qarğıdalı, günəbaxan kimi adi bitkilər əkib.

Məlum olub ki, lazımi nəzarət və Ukraynanın qida təhlükəsizliyi qaydalarına riayət etməklə, əvvəllər məhdudlaşdırılmış bu ərazilərdə bir çox məhsul təhlükəsiz şəkildə yetişdirilə bilər.

Tədqiqatın aparıcı müəllifi Portsmut Universitetinin alimi Cim Smit bildirib ki, bu tədqiqat Çernobıl fəlakətindən zərər çəkmiş icmalar üçün böyük əhəmiyyət kəsb edir. O, bu araşdırmanın qiymətli kənd təsərrüfatı torpaqlarının bərpasına elmi yanaşma təmin etdiyini və inkişaf etdirilən metodların dünyanın digər radioaktiv çirklənmiş ərazilərə tətbiq oluna biləcəyini söyləyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər