ABŞ-də dörd il əvvəl öldürülən şəxs məhkəmədə süni intellekt vasitəsilə ifadə verdi


  • 10:09

ABŞ-ın Arizona ştatında məhkəmə zalında tarixi hadisə baş verib.

E-huquq.az xəbər verir ki, dörd il əvvəl mübahisə nəticəsində öldürülən Christopher Pelkey süni intellekt texnologiyası ilə yaradılmış rəqəmsal avatar vasitəsilə məhkəmə zalında qatilinə müraciət edib.

Hadisə cinayət qurbanının süni intellekt vasitəsilə ilk dəfə ifadə verməsi kimi tarixə düşüb.

Əvvəllər çəkilmiş şəkillər və süni intellekt proqram təminatı ilə yaradılan bu rəqəmsal avatar birbaşa qətldə təqsirləndiriliən Qabriel Horcasitasa müraciət edib.

"Belə şəraitdə görüşdüyümüzə görə təəssüf edirəm, bəlkə başqa bir həyatda hətta dost ola bilərdik” -deyə qurbanın süni intellekt vasitəsilə səsləndirdiyi mesajda bildirilib.

İclasa sədrlik edən hakim Todd Lanq istifadə olunan metodun təsirli olduğunu vurğulayıb.

Hakim yaradıcı yanaşmaya görə təşəkkür edib.

Məhkəmənin qərarına əsasən Horcasitas qətlə görə 10 il 6 ay həbs cəzasına məhkum edilib.

Arizona ştatında əvvəllər də cinayət araşdırmalarında süni intellektdən istifadə edilib. Arizona Ali Məhkəməsinin sədri Ann A. Scott Timmer bildirib ki, məhkəmə prosesində düzgün istifadə edildikdə, süni intellekt prosesi asanlaşdıra bilər. Bununla belə, Timmer xəbərdarlıq edib ki, texnologiyadan düzgün istifadə olunmazsa, ədalət pozula bilər. Artan maraq və müzakirələrdən sonra Arizona Ali Məhkəməsi qanunda süni intellektin məsuliyyətli və etik istifadəsini təmin etmək üçün xüsusi komitə yaradıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər