Yaponiyada aparılan bir araşdırma göstərib ki, yeməkləri az çeynəyən, sürətlə və ağız dolu halda yeyən uşaqlarda piylənmə riski daha yüksəkdir.
E-huquq.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma Osaka Universitetinin tədqiqatçıları tərəfindən 9-10 yaş arası təxminən 1400 uşaq arasında aparılıb. Məqsəd uşaqlarda çeynəmə vərdişləri ilə piylənmə arasındakı əlaqəni müəyyənləşdirmək olub.
Nəticələrə əsasən, yeməkləri kifayət qədər çeynəməyən uşaqların piylənməyə daha çox meyilli olduğu müəyyən edilib. Bundan başqa, sürətli və ağız dolu halda yemək yeyən uşaqlarda da piylənmə riski yüksək olub.
Araşdırmaya görə, az çeynəyən uşaqların piylənmə ehtimalı 1,5 dəfə artıqdır. Sürətli yeyən uşaqlar isə təxminən 2 qat daha yüksək risk daşıyır.
Bu vəziyyətin xüsusilə oğlan uşaqları arasında daha çox müşahidə edildiyi bildirilib. Ümumilikdə, 167 uşaq "piylənmiş" kateqoriyasında qiymətləndirilib.
Tədqiqatın nəticələri “Science Direct” adlı elmi platformada dərc olunub.
Şəbnəm Mehdizadə
