Məzmuna keç

Xərçəngin bu növü cinsiyyətə görə bədənin fərqli nahiyələrində daha çox yayılır

İngiltərədəki tədqiqatçılar dəri xərçənginin bir növü olan melanomanın geyim seçimləri, bədən ölçüləri və saç tərzi kimi faktorlara görə kişi və qadınlarda müxtəlif bədən hissələrində daha çox rast gəlindiyini müəyyən ediblər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, "Cancer Research UK" (CRUK) melanoma ilə bağlı araşdırma aparıb.

İngiltərədə 2018 və 2022-ci illər arasında məlumatları tədqiq edən araşdırma, melanomanın demək olar ki, 90 faizinin ultrabənövşəyi şüalara həddindən artıq məruz qalma səbəbindən yarandığını ortaya qoyub.

Araşdırma nəticəsində məlum olub ki, qadınlar və kişilərin bədənlərinin müxtəlif yerləri melanomaya meyllidir.

Aparılan araşdırmada məlum olub ki, kişilərdə rast gəlinən hər 10 melanom xəstəliyindən 4-ü bel, sinə və qarın da daxil olmaqla bədənin gövdə hissəsində yaranır. Qadınlarda isə bu halların üçdə birindən çoxu bel və ayaqlar arasında yerləşən nahiyələrdə müşahidə edilir.

Bunun səbəbi kimi kişilərlə qadınlar arasındakı geyim fərqləri göstərilir. Tədqiqatçılar qeyd edir ki, geyim seçimlərindəki fərqlər səbəbilə günəşin zərərli şüalarına kişilər əsasən bədənlərinin yuxarı (gövdə) hissəsindən, qadınlar isə bədənlərinin aşağı hissəsindən daha çox məruz qalırlar.

Araşdırmalarda qeyd olunub ki, fizioloji fərqlər də melanomun (dəri xərçəngi növü) qadınlar və kişilərdə fərqli bədən nahiyələrində daha çox yaranmasına səbəb ola bilər. Belə ki, kişilərin yuxarı bədən hissəsi (gövdə) qadınlara nisbətən daha böyük, qadınların isə bədənlərinin aşağı hissəsi daha geniş səth sahəsinə malikdir. Bu fərqlər UV şüalarının təsirinə məruz qalma sahələrini dəyişə bilər.

Bundan əlavə, saçların günəşin zərərli şüalarından qoruyucu təsirə malik olduğu, kişilərin isə baş və boyun nahiyəsində melanom riskinə qadınlara nisbətən təxminən iki dəfə daha çox məruz qaldıqları müəyyən edilib.

Şəbnəm Mehdizadə