Məzmuna keç

Türkiyədə FETÖ əməliyyatı: 33 nəfər saxlanıldı

Türkiyənin İzmir şəhəri mərkəz olmaqla 5 vilayətdə aparılan əməliyyat zamanı FETÖ terror təşkilatı ilə əlaqəli olduğu iddia edilən 33 nəfər saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir Respublika Prokurorluğunun rəhbərliyi altında, Terrorla Mübarizə və Kəşfiyyat şöbələrinin əməkdaşları tərəfindən FETÖ-nün müasir təşkilatlanma fəaliyyətlərini ifşa etmək məqsədilə genişmiqyaslı araşdırma aparılıb.

Maliyyə Cinayətlərini Araşdırma Şurası (MASAK) tərəfindən toplanan məlumatlar əsasında təşkilat adından maliyyə toplayan, ifadələrdə adı keçən və üzvlərdən ələ keçirilmiş rəqəmsal materiallarda adı çəkilən 41 şübhəli barəsində həbs qərarı çıxarılıb.

İzmir, İstanbul, Hatay, Qaziantep və Manisa vilayətlərində müəyyən edilmiş ünvanlara eyni vaxtda keçirilən əməliyyatlarda 33 nəfər saxlanılıb.

Əməliyyat zamanı çox sayda pul, qızıl, rəqəmsal materiallar və sənədlər ələ keçirilib.

Bundan başqa, barəsində həbs qərarı çıxarılan şəxslərdən 7 nəfərin qeyri-qanuni yollarla ölkədən çıxdığı, 1 nəfərin isə axtarışda olduğu və onun tutulması üçün tədbirlərin davam etdiyi bildirilib.

Şəbnəm Mehdizadə