Türkiyənin paytaxtı Ankarada meşəlik ərazilərə giriş qadağan edilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ankara Valiliyinin qərarına əsasən, 10 iyun 2025-30 sentyabr 2025 tarixləri arasında Ankara ərazisindəki meşəlik sahələrə girişlər qadağan edilib. Bu qadağa milli parklar, təbiət parkları və istirahət zonaları istisna olmaqla bütün meşə ərazilərinə şamil edilir.
Valilikdən verilən açıqlamada bildirilib ki, ölkə üzrə artan meşə yanğınları riski və hava şəraitinin təhlükəli olaraq qalması səbəbilə əlavə qabaqlayıcı tədbirlər həyata keçirilib. Meşə yanğınlarının qarşısını almaq üçün bağ və tarlaların təmizlənməsi məqsədilə budaq və bitki örtüyünün yandırılması, zibilin yandırılması, enerji xətlərindəki nasazlıqlar, piknik zamanı yandırılan tonqallar, ildırım, səhlənkarlıq və qəsdən törədilən hallar kimi risklərə qarşı ciddi nəzarət tətbiq olunacaq.
10 iyun-30 sentyabr 2025 tarixləri arasında meşəlik ərazilərə yalnız rəsmi səlahiyyətli şəxslər və küçə heyvanlarını qidalandırmaqla vəzifələndirilmiş şəxslər daxil ola biləcək.
Turizm düşərgələri istisna olmaqla, meşə sahələrində çadır qurmaq və düşərgə salmaq qadağan edilib.
Milli parklar, təbiət parkları və istirahət zonalarında yalnız idarə tərəfindən müəyyən olunmuş yerlərdə od qalamağa icazə veriləcək.
Bu ərazilərə giriş və çıxış yalnız saat 08:00-20:00 aralığında mümkün olacaq. Gecələmək və çadır qurmaq isə qəti qadağandır.
Meşə təsərrüfatı fəaliyyətləri çərçivəsində iş aparan və meşə idarəsi ilə müqaviləsi olan şəxslər, eləcə də bu işlərə nəzarət edən əməkdaşlar istisna olmaqla, digər vətəndaşların meşə ərazilərinə girişinə icazə verilməyəcək.
Seyrək yaşayış məntəqələrində, meşə içi və meşəyə bitişik olmayan ərazilərdə budaq yandırılması və hava fişəngi istifadəsi də qadağan edilib.
Bu tədbirlərin məqsədi yay aylarında artan risklərə qarşı meşə yanğınlarının qarşısını almaq və təbiəti qorumaqdır.
Ankara Valiliyi sakinləri qaydalara əməl etməyə çağırıb.
Şəbnəm Mehdizadə
