Texasda yaşı 18-dən az olanlara sosial mediadan istifadə qadağan ediləcək


  • 26 May 17:06

ABŞ-ın Texas ştatında yeni təqdim olunan qanun layihəsi 18 yaşdan aşağı şəxslərin sosial media platformalarından istifadəsini tamamilə qadağan etməyi nəzərdə tutur.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, layihəyə əsasən, sosial media şirkətləri istifadəçilərin yaşını təsdiqləməyə məcbur ediləcək və valideynlərə övladlarının hesablarını bağlatdırmaq hüququ veriləcək.

Əgər hesablar bağlanmazsa, şirkətlər "aldadıcı kommersiya praktikasına" görə cəzalandırıla bilər. Bu halda Texas baş prokurorluğu şirkətlərə cərimə kəsə və kompensasiya iddiası qaldıra bilər.

Son iki il ərzində Florida, Corciya, Tennessi və Luiziana kimi ştatlar da 16 yaşdan aşağı şəxslərin yalnız valideyn icazəsi ilə sosial media hesabı açmasına icazə verən qanunlar qəbul ediblər. Nebraska və Konnektikutda isə oxşar qanunlar ötən həftə təsdiqlənib.

Utah ştatında isə 2023-cü ildə qüvvəyə minmiş sosial media üçün tətbiq edilən "komendant saatı" qaydaları məhkəmə qərarından sonra yumşaldılıb.

Texas qubernatoru Qreq Abbottun sözçüsü Endryu Mahaleris məsələyə münasibət bildirərək, "Vali Abbott üçün uşaqlarımızın rəqəmsal təhlükəsizliyi prioritetdir. Təklif olunan layihə diqqətlə araşdırılacaq", deyə qeyd edib.

"Meta", "TikTok" və "X kimi texnoloji şirkətlərin daxil olduğu "NetChoice" adlı lobbi qrupu bir çox ştatda oxşar qanunlara qarşı məhkəmə iddiaları qaldırıb. "NetChoice"in hüquq direktoru Kris Marçese bu təşəbbüslərin onlayn təhlükəsizlik bəhanəsi ilə senzura rejimləri yaratdığını bildirib.

Texnoloji platformalar isə artıq bəzi məhdudiyyətləri tətbiq etməyə başlayıblar. "Meta" 2023-cü ildən etibarən yaşı 18-dən az olanlar üçün gündəlik istifadəni 20 dəqiqə ilə məhdudlaşdıran bildirişlər və məzmun filtrləri təqdim edib. "Instagram"da xüsusi filtrləmə sistemləri tətbiq olunub. "TikTok" isə 13-15 yaşlı istifadəçilərin hesablarını avtomatik gizli vəziyyətə gətirərək mesajlaşma və canlı yayım kimi funksiyalara məhdudiyyət qoyub. Həmçinin 2023-cü ildə bütün 18 yaşdan aşağı istifadəçilər üçün 60 dəqiqəlik gündəlik ekran vaxtı limiti tətbiq edilib.

ABŞ Senatında da bu sahədə hərəkətlilik müşahidə olunur. Demokrat senator Brayan Şats tərəfindən təqdim olunan qanun layihəsi 13 yaşdan aşağı şəxslərin sosial media hesablarının tamamilə qadağan olunmasını və mövcud hesabların silinməsini nəzərdə tutur. Digər tərəfdən, Respublikaçı Tom Cotton və Demokrat Tim Kaine məktəblərdə mobil telefon istifadəsinin məhdudlaşdırılması üçün məktəblərə maliyyə dəstəyi ayrılmasını təklif ediblər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər