Yunanıstanda bir neçə bölgədə meşə yanğınları baş verib


  • 12 Avqust 12:27

Yunanıstanda güclü külək və yüksək temperatur səbəbilə Mora Yarımadasından başlayaraq Qərbi Yunanıstana qədər bir çox bölgədə meşə yanğınları qeydə alınıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Afinanın da daxil olduğu Attika bölgəsində, Kallitehnoupoli adlı ərazidə meşə sahəsində baş vermiş yanğının söndürülməsi üçün 105 yanğınsöndürən, 4 piyada qrup, 28 texnika və könüllülərdən ibarət heyət səfərbər olunub.

Yanğının yaşayış məntəqələrinə yaxınlaşdığı bildirilir. Güclü külək yanğınsöndürmə işlərini çətinləşdirir. Səlahiyyətli orqanlar tərəfindən təcili yardım xidməti vasitəsilə əhaliyə təxliyəyə hazır olmaları barədə xəbərdarlıq mesajları göndərilib.

Salonikinin Volvi bölgəsində alovların yayılması səbəbilə Bayiokhori kəndi və yaxınlıqdakı miqrant yerləşdirmə mərkəzi üçün təxliyə əmri verilib.

Etoloakarnaniya, Preveza və Kifira bölgələrində də meşə yanğınlarının davam etdiyi qeyd olunur.

Yunanıstan İqlim Böhranı və Mülki Müdafiə Nazirliyinin tabeliyindəki Mülki Müdafiə Baş Katibliyinin yayımladığı yanğın təhlükəsi xəritəsinə əsasən, sabah Attika, Mora Yarımadası, Qərbi Yunanıstan, Epir, Tesaliya, Mərkəzi Yunanıstan, İyon adaları, Mərkəzi Makedoniya və Şimali Egey də daxil olmaqla bir çox bölgədə meşə yanğını riski "çox yüksək" dərəcədə qiymətləndirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər