İranda qadın 11 ərini öldürərək var-dövlətlərini ələ keçirib


  • 12 Avqust 14:04

İranın Mazandaran vilayətində dəhşətli bir hadisə üzə çıxıb. 56 yaşlı Gülsüm Ekberi adlı qadının son 22 il ərzində özündən yaşca böyük kişilərlə evlənərək, əvvəlcə onlardan mehir və miras əldə etdiyi, daha sonra isə müxtəlif yollarla onları öldürdüyü müəyyən edilib.

E-huuq.az xəbər verir ki, İran mediasının məlumatına görə, Ekberinin ilk qətli 2000-ci ildə baş verib. Lakin 2023-cü ildə 82 yaşlı Əzizullah Babai adlı şəxsin şübhəli ölümü ilə bu cinayətlərin izi ortaya çıxıb.

Şikayət əsasında saxlanılan Ekberi əvvəlcə bütün ittihamları inkar etsə də, istintaq zamanı təqdim olunan sübutlardan sonra cinayətləri etiraf edib.

Cinayət işinə Sari İnqilab Məhkəməsində baxılıb. Məhkəmə prosesində 4 qurbanın ailəsi İslam qanunlarına əsaslanaraq edam tələbi irəli sürüb. Ümumilikdə isə Ekberiyə qarşı 45-dən çox mirasçı və yaxın qohumlar tərəfindən şikayət daxil olub.

Prokurorluğun ittiham aktında Gülsüm Ekberiyə qarşı 11 qəsdən adam öldürmə və 1 öldürməyə cəhd maddələri ilə cinayət işi açılıb.

Polis araşdırmaları zamanı məlum olub ki, Ekberi qurbanları ilə qızı vasitəsilə tanış olub. Onların maddi vəziyyətini öyrəndikdən sonra yüksək mehir qarşılığında evlənir, sonra isə tədricən onları zəhərləyirdi. Zəhərləmədə yüksək dozalı təzyiq, diabet və sakitləşdirici dərmanlarla yanaşı, bəzi hallarda metil spirti də istifadə etdiyi bildirilib. Bəzi hallarda isə qurbanları yastıq və ya dəsmalla boğaraq qətlə yetirdiyi məlum olub.

Cinayətlərin Sari, Neka, Mahmudabad, Babol və Qaemşəhr şəhərlərində baş verdiyi qeyd olunur. Qurbanlar arasında 2013-cü ildə evləndikdən bir ay sonra ölən 69 yaşlı Mirəhməd Omrani, 2016-cı ildə nikahdan iki ay sonra həyatını itirən 62 yaşlı İsmayıl Bəxşi və evləndikdən 43 gün sonra ölən 83 yaşlı Gəncəli Həmzeyi də yer alır.

2020-ci ildə isə Ekberinin keçmiş əri Məsih Nemati zəhərli sirop içməsinə baxmayaraq sağ qalıb, lakin hadisəni polisə bildirməyib.

Məhkəmə 45-dən çox zərərçəkənin ifadəsini topladıqdan sonra yekun qərarını verəcək. İş ölkədə geniş ictimai rezonansa səbəb olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər