Everestdə 10 ildən sonra bir ilk


  • 13 Avqust 11:39

Nepal turizmi canlandırmaq məqsədilə Himalay dağlarındakı 97 zirvəni növbəti iki il üçün pulsuz şəkildə dağçılığa açıb. Eyni zamanda, Everest zirvəsinə qalxmaq üçün tələb olunan ödənişlər isə təxminən 10 ildən sonra ilk dəfə artırılır.

E-huquq.az xəbər verir ki, Nepal Turizm İdarəsinin məlumatına görə, bu təşəbbüs ölkənin kəşf edilməmiş turizm potensialını və istiqamətlərini ön plana çıxarmağı hədəfləyir.

Dünyanın ən yüksək nöqtəsi olan 8 849 metr hündürlüyə malik Everest dağına qaxlmaq mövsümündə icazə haqları sentyabr ayından etibarən 15 min ABŞ dollarına yüksəldiləcək.

Dağçılıq Nepalın əsas gəlir mənbələrindən biri hesab olunur. Ötən il yalnız zirvəyə qalxmaq icazələrindən 5,9 milyon dollar gəlir əldə edilib və bunun böyük hissəsi Everestdən gəlib.

Pulsuz şəkildə dağçılığa açılan 97 zirvə, Nepalın Karnali və Sudurpaşçim əyalətlərində yerləşir. Hündürlükləri 5 970 metrdən 7 132 metrədək dəyişən bu zirvələr ölkənin ən kasıb və az inkişaf etmiş bölgələrində yerləşir.

Son iki ildə bu zirvələrə cəmi 68 dağçı icazə alaraq çıxıb. Müqayisə üçün, 2024-cü ildə təkcə Everest üçün 421 icazə verilib. Everest son illərdə həddindən artıq sıxlıq, ekoloji problemlər və ölüm hallarının artması ilə gündəmdədir.

Nepal Yüksək Məhkəməsi 2024-cü ilin aprelində hökumətə Everest və bəzi digər zirvələrə qalxmaq icazələrinin məhdudlaşdırılması barədə göstəriş verib. Hazırda parlamentdə müzakirədə olan yeni qanun layihəsinə əsasən, Everestə qalxmaq istəyən hər bir dağçı əvvəlcə Nepal daxilində 7 min metrdən yüksək bir zirvəyə qalxmalıdır.

Bu qərar Karnali və Sudurpaşçim bölgələrindəki pulsuz zirvələri ideal məşq meydanına çevirir və bu bölgələrə olan marağın artacağı gözlənilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər