- 13:12
Yunanıstanın müxtəlif bölgələrində davam edən meşə yanğınları səbəbindən Axaya və Preveze bölgələrində bir sıra səhiyyə müəssisələri təxliyə olunub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstan səhiyyə naziri Adonis Georgiadisin verdiyi açıqlamaya görə, Axaya bölgəsində yerləşən Kato Axaya Sağlamlıq Mərkəzi bölgənin tamamilə boşaldılması qərarı əsasında xəstə və tibb heyəti ilə birlikdə təxliyə edilib.
Yunan mediasının məlumatına görə, Prevezenin Thesprotiko bölgəsindəki Sağlamlıq Mərkəzi də eyni səbəbdən boşaldılıb. Xəstələr Arta və Preveze xəstəxanalarına yerləşdirilib.
Yanğınsöndürmə əməliyyatları zamanı bir yanğınsöndürən yaralanıb, iki nəfər isə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Yunanıstan Yanğınsöndürmə Xidmətinin sözçüsü Vasilis Vatrakoyannis son 48 saat ərzində ölkədə 152 yeni kənd təsərrüfatı və meşə yanğınının baş verdiyini açıqlayıb.
Onun sözlərinə görə, gün ərzində yüksək temperatur, aşağı hava rütubəti və güclü küləklər, yanğınların yayılması üçün son dərəcə təhlükəli şərait yaradıb. Hazırda ölkə üzrə 4 850 yanğınsöndürən, həmçinin 62 hava vasitəsi yanğınlara müdaxilə edir.
“Bütün aktiv yanğın cəbhələrini mövcud imkanlarımızla nəzarət altına almağa çalışırıq. Vətəndaşlardan rəsmi qurumların göstərişlərinə tam şəkildə əməl etmələrini xahiş edirik. Qarşıdakı günlərdə vəziyyətin daha da ağırlaşacağı gözlənilir”, - deyə Vatrakoyannis bildirib.
Yunanıstanda fövqəladə tədbirlər davam etdirilir.
Şəbnəm Mehdizadə