- 13:12
Fransanın bir nüvə elektrik stansiyasında enerji istehsalı, dənizanası sürüləri səbəbilə tamamilə dayandırılıb. Stansiyada yerləşən 4 reaktorun avtomatik şəkildə bağlandığı bildirilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, dənizanası sürüsü stansiyanın soyuqlaşdırma sistemlərinin filtrələrini tıxayıb, bu da potensial nüvə fəlakətinə səbəb olmamaq üçün reaktorların fövqəladə rejimdə bağlanmasına gətirib çıxarıb.
Eyni zamanda stansiyadakı digər iki reaktorun da texniki baxışda olduğu qeyd olunub. Beləliklə, ümumilikdə altı reaktordan heç biri fəaliyyət göstərmir və stansiyada enerji istehsalı tam dayanıb.
Hadisə bölgəsində son illərdə dənizanası populyasiyasında ciddi artım müşahidə olunur. Alimlər bu vəziyyəti qlobal istiləşmə ilə əlaqələndirir, çünki dənizanası isti suda daha sürətli çoxalır və yayılır.
Hadisə ilə bağlı araşdırmalar və təmizləmə işləri davam edir. Fransız rəsmilər, təhlükənin nəzarət altında olduğunu bildirirlər.
Şəbnəm Mehdizadə