- 13:12
Portuqaliya hökuməti ölkədə davam edən şiddətli meşə yanğınları və həddən artıq istilər səbəbilə 3 avqustda elan etdiyi fövqəlada vəziyyətin müddətini 15 avqusta qədər uzatdığını açıqlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, əvvəlcə 7 avqusta qədər nəzərdə tutulan tədbir, yanğınların şiddətli şəkildə davam etməsi səbəbilə əvvəlcə 13 avqusta, son olaraq isə 15 avqusta qədər davam etdirilməsinə qərar verilib.
Hazırda ölkədə Vila Real, Trancoso, Covilha və Tabuaço bölgələrində böyük meşə yanğınları*davam edir. Rəsmi qurumlar bu yanğınların narahatedici ölçüyə çatdığını bildirirlər.
Son iki gün ərzində yanğınların söndürülməsi zamanı sivil şəxslər və yanğınsöndürənlər daxil olmaqla 37 nəfər yaralanıb.Yanğınla mübarizə tədbirlərinə 1700-dən çox yanğınsöndürən cəlb olunub.
İspaniyada da yanğınlar can almağa davam edir.
İspaniyanın şimalından cənubuna bir çox bölgədə davam edən meşə yanğınları son 24 saatda 2 nəfərin həyatına son qoyub.
Madridin Tres Cantos bölgəsində bədəninin 98%-i yanan 50 yaşlı bir kişi xəstəxanada vəfat edib.Leon şəhərində yanğınsöndürmə işlərinə könüllü olaraq qatılan bir nəfərin də həyatını itirdiyi bildirilib.
İspaniyadakı yangınlarla mübarizə zamanı 20 nəfər xəsarət alıb. Onlardan 2-nin vəziyyəti ağırdır.
İspaniyanın şimalındakı Qalisiya və Asturiya bölgələrindən 5 mindən çox insanın təxliyyə edildiyi, Kastiliya və Leon bölgələrində nəzarət altına alına bilməyən yanğınların həyəcanverici səviyyədə olduğu bildirilir.
Şəbnəm Mehdizadə