- 14 Avqust 22:47
ABŞ-nin Kolorado ştatında bəzi vəhşi dovşanların baş hissəsində “buynuza bənzər” çıxıntılar müşahidə olunub. Bu qeyri-adi görüntünün səbəbi cottontail dovşanı papillomavirusu adlı virusun səbəb olduğu dəri törəmələridir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Kolorado Parklar və Vəhşi Təbiət Departamentinin (CPW) verdiyi məlumata görə, infeksiya adətən dovşanların baş nahiyəsində qara düyünlər şəklində başlayır və zaman keçdikcə uzanaraq buynuz formasını alır. Virus əksər hallarda dovşanların həyatına birbaşa təhlükə yaratmasa da, əgər çıxıntılar onların yemək və su qəbuluna mane olacaq dərəcəyə çatarsa, ciddi problemlərə səbəb ola bilər.
Hadisənin şahidlərindən biri gördüyü dovşanı belə təsvir edib: “Sanki ağzının ətrafında qara çubuqlar çıxmışdı”.
O, həmin dovşanın qışı keçirdikdən sonra növbəti il yenidən göründüyünü və çıxıntıların daha da böyüdüyünü bildirib.
Virus yalnız dovşanlara yoluxur, lakin açıq havada yaşayan ev dovşanları da bu virusdan təsirlənə bilər. Ev şəraitində yoluxma hallarında xəstəlik daha ağır keçir və baytar müdaxiləsi tələb olunur.
Kolorado rəsmiləri bildirirlər ki, viruslu dovşanlara xüsusi bir müalicə tətbiq edilmir, lakin onların əksəriyyəti zamanla öz-özünə sağalır. Yalnız qidalanmaqda çətinlik çəkən dovşanların iynə vurularaq yuxuya verilməsi tövsiyə olunur.
Mütəxəssislər və vəhşi təbiət nümayəndələri insanlara yoluxmuş dovşanlara toxunmamağı və onların təbiətdəki vəziyyətinə müdaxilə etməməyi tövsiyə edirlər.
Şəbnəm Mehdizadə