Tayvanda qasırğa səbəbilə daxili reyslər ləğv edilib


  • 14 Avqust 13:12

Tayvanda cənub-şərq sahillərinə doğru sürətlə irəliləyən Podul qasırğası səbəbilə ölkə daxilində planlaşdırılan bütün daxili aviareyslər ləğv edilib.

E-huquq.az "Taipei Times" qəzetinə istinadən xəbər verir ki, Tayvan Mərkəzi Meteorologiya İdarəsi (CWA) qasırğanın saatda təxminən 125 km sürətlə irəlilədiyini, günorta saatlarında Taitunq vilayətindən adaya daxil olmasının, axşam saatlarında isə Taynan vilayəti üzərindən adanı tərk etməsinin gözlənildiyini bildirib.

Meteoroloqların xəbərdarlığına görə, qasırğa səbəbilə adanın şərq sahillərində dalğaların hündürlüyü 6 metrə qədər çata bilər. Cənubdakı dağlıq ərazilərdə isə növbəti üç gün ərzində hər kvadratmetrə 600 millimetrə qədər yağıntı düşəcəyi proqnozlaşdırılır.

Tayvan hökuməti təbii fəlakətin təsirinə məruz qalacağı ehtimal olunan şərq və cənub bölgələrindəki bəzi vilayətlərdə bir günlük təhsil və ictimai xidmətlərin dayandırıldığını elan edib.

Bundan əlavə, Hualien vilayətində əvvəlki sürüşmə nəticəsində yaranmış təbii su səddinin daşma riski səbəbilə təxminən 700 nəfərin təxliyə edildiyi açıqlanıb.

Rəsmilər əhalini ehtiyatlı olmağa və rəsmi xəbərdarlıqları diqqətlə izləməyə çağırırlar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər