İrlandiyada Asiya eşşək arısı aşkarlandı - Təhlükə siqnalı verildi


  • 14 Avqust 13:59

İrlandiyanın Cork bölgəsində Asiya eşşək arısının ("Vespa velutina") tutulması ölkədə genişmiqyaslı narahatlığa səbəb olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, İrlandiya Milli Parklar və Vəhşi Təbiət Xidməti (NPWS) bu növün ölkədə ilk dəfə müşahidə edildiyini və hadisənin Cork bölgəsində baş verdiyini təsdiqləyib.

İrlandiya Mənzil, Yerli İdarəetmə və İrs Nazirliyindən verilən açıqlamada, NPWS-nin hadisəni təsdiqlədiyi və ölkə üzrə “biotəhlükəsizlik siqnalı” verdiyi bildirilib.

Açıqlamada vurğulanıb ki, Asiya eşşək arısı İrlandiyanın yerli bioçeşidliliyi üçün ciddi təhlükə yaradır. Hətta tək bir yuva belə arı koloniyalarını tamamilə məhv edə bilər. Arı populyasiyası üçün bu qədər təhlükəli olması səbəbilə məsələ fövqəladə səviyyədə ciddiyə alınıb.

Hökumət arının aşkarlanmasından sonra yeni bir xüsusi vəzifə qrupunun yaradıldığını elan edib. Qeyd edilib ki, bu növ hazırda insan sağlamlığı üçün birbaşa risk yaratmasa da, ətraf mühit və kənd təsərrüfatı üçün böyük təhlükədir.

Təbiət, İrs və Bioçeşidlilik üzrə Dövlət Naziri Kristofer O’Sullivan məsələyə dair açıqlamasında bildirib ki, bu növ, yerli tozlayıcılar və bioçeşidlilik üçün bir təhdiddir: “Tək bir müşahidə belə son dərəcə ciddi qəbul edilməlidir. NPWS dərhal hərəkətə keçərək əraziyə ekspert qrup göndərib”.

Nazir həmçinin bu istilacı növün yayılmasının qarşısını almaq üçün erkən müşahidənin vacibliyinə diqqət çəkib və ictimaiyyəti bu arı növünü tanımaq, məlumatlanmaq və müşahidə halında mütləq xəbər vermək çağırışı ilə çıxış edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər