- 14 Avqust 22:47
Fransa meşə yanğınları ilə mübarizə aparan İspaniyanın Avropa İttifaqından (Aİ) yardım istəməsinin ardınca bu ölkəyə iki yanğınsöndürmə təyyarəsi və bir koordinasiya təyyarəsi göndərəcəyini açıqlayıb.
E-hquuq.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa daxili işlər naziri Bruno Retailleau “X” sosial media platformasında paylaşdığı açıqlamada İspaniyada bir neçə bölgədə davam edən güclü meşə yanğınlarının ardınca bu ölkənin Aİ-nin Mülki Müdafiə Mexanizmi vasitəsilə yardım çağırışı etdiyini bildirib.
Retailleau, Fransanın bu çağırışa dərhal cavab verdiyini və bu səhər Nimes şəhərindəki mülki müdafiə bazasından qalxacaq iki "Canadair" tipli yanğınsöndürmə təyyarəsi ilə bir koordinasiya təyyarəsinin İspaniya hakimiyyətinin istifadəsinə veriləcəyini bildirib.
Nazir qeyd edib ki, göndərilən təyyarələr İspaniyada iki gün ərzində fəaliyyət göstərəcək.
Xatırladaq ki, İspaniyanın şimal-qərb və cənub-qərb bölgələrində baş verən genişmiqyaslı meşə yanğınları səbəbilə 10 mindən artıq insan təxliyə edilib.
Şəbnəm Mehdizadə