- 14 Avqust 22:47
İspaniyanın şimal-qərb və cənub-qərb bölgələrində genişmiqyaslı meşə yanğınları səbəbilə 10 mindən artıq insan evakuasiya edilib. Təbii fəlakət nəticəsində ölkədə nəqliyyatın həm quru, həm də dəmir yolu xətləri iflic olub, fövqəladə tədbirlər görülür.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Kastilya və Leon muxtar bölgəsində yerləşən Leon və Zamora şəhərləri ətrafında baş verən yanğınlar səbəbindən alovların yayılması ilə əlaqədar olaraq 34 kənd tamamilə boşaldılıb. Bölgədə 6 fərqli nöqtədə yanğınlar davam edir, 8 minə yaxın insan isə gecəni evlərindən kənarda keçirmək məcburiyyətində qalıb.
Galiçya muxtar bölgəsinə bağlı Ourense şəhəri ətrafında 5 gündür davam edən meşə yanğınlarının söndürülməsi istiqamətində ordunun da dəstək verdiyi bildirilib. Burada təxminən 1 000 nəfər təxliyə olunub.
Ölkə mətbuatının yaydığı məlumata görə, hazırda ümumilikdə 1 200 hərbçi yanğınla mübarizə işlərinə cəlb olunub. İspaniya Nəqliyyat Baş İdarəsi şimaldan cənuba qədər 13 əsas avtomobil yolunun bağlandığını açıqlayıb. Madrid–Galiçya sürətli qatar xətti isə təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq dayandırılıb.
Cənubdakı Ekstremadura bölgəsində də meşə yanğınlarına qarşı mübarizə aparılır. Yerli idarə orqanları bu bölgədə də təxminən 900 nəfərin təxliyə edildiyini, son olaraq Plasencia şəhərində 100-dən artıq insanın evlərindən uzaqlaşdırıldığını bildirib.
Yaşanan fövqəladə vəziyyət səbəbilə İspaniya hökuməti Avropa İttifaqına (Aİ) rəsmi yardım müraciəti edib. Daxili işlər naziri Fernando Grande-Marlaska, Aİ tərəfindən iki "Canadair" tipli yanğınsöndürmə təyyarəsinin ölkəyə göndəriləcəyini açıqlayıb.
Qeyd edək ki, son iki gün ərzində yanğınsöndürmə işləri zamanı 2 nəfər həyatını itirib, 3-ü ağır olmaqla ümumilikdə 11 nəfər yaralanıb.
Avqust ayının əvvəlindən bəri təxminən 50 min hektar meşə sahəsi yanıb. Bu göstərici İspaniyanın son illərdə yaşadığı ən böyük meşə yanğınlarından biri kimi qeydə alınıb. Rəsmilər hələlik yanğınların nəzarət altına alına bilmədiyini bildirir.
Şəbnəm Mehdizadə