- 17:48
Pakistanın şimal-qərbində baş verən şiddətli yağışlar və daşqınlar səbəbindən azı 49 nəfər həyatını itirib, 17 nəfər isə sel sularına qapılaraq itkin düşüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın bir çox bölgəsində isti hava dalğaları müşahidə olunsa da, Pakistanın şimal-qərbində güclü yağışlar davam edir. Bu yağışların yaratdığı daşqınlar səbəbindən ölənlərin sayı artmaqda davam edir.
Rəsmi mənbələrin məlumatına görə, dünəndən bəri davam edən daşqınlar nəticəsində azı 49 nəfər həlak olub. Xilasetmə komandaları torpaq sürüşməsi baş vermiş dağlıq ərazilərdə 1300 turisti təxliyə edib.
Ölkə üzrə 26 iyundan etibarən yağış və daşqınlarla əlaqədar baş verən hadisələrdə əsasən, qadın və uşaqlar olmaqla, 360-dan çox şəxs həyatını itirib. Ölümlərin əksəriyyəti Pakistanın şimal və şimal-qərb bölgələrində baş verib.
Gilgit-Baltistan regional rəhbəri Faizullah Faraq bildirib ki, Ghazar rayonunda dünən baş verən ani daşqınlar nəticəsində ən az 10 nəfər həyatını itirib.
Axtarış-xilasetmə əməkdaşı Əmjad Xan isə şimal-qərbdə yerləşən Hayber Paxtunxva əyalətinin Bajaur bölgəsində 16 nəfərin öldüyünü, 17 nəfərin isə sel sularına qapılaraq itkin düşdüyünü açıqlayıb.
Hökumət rəsmisi Saleem Xan bildirib ki, ani daşqınlar şimal-qərbdə yerləşən Battagram bölgəsini də vurub. Burada 10 nəfər həyatını itirib, 18 nəfər isə hələ də itkindir.
Azad Keşmir regionunda da yağışlarla bağlı hadisələrdə 7 nəfərin öldüyü bildirilib.
Pakistan Prezidenti Asıf Əli Zərdari faciə ilə bağlı kədərləndiyini bildirib və aidiyyatı qurumlardan daşqından zərər görmüş ərazilərdə xilasetmə və yardım işlərini sürətləndirməyi tələb edib.
Şəbnəm Mehdizadə