Yaponların uzun ömürlü olmasının sirri bu şorba ola bilər


  • 17:42

Dünyanın ən uzun ömürlü insanlarının yaşadığı bölgələrdən biri olan Yaponiyanın Okinava adası, sağlam və uzun ömürlü həyat tərzi ilə bütün dünyanın diqqətini çəkir. Araşdırmalara əsasən, bu bölgədə 100 yaşı keçmiş insanların sayı dünya ortalamasından qat-qat yüksəkdir və onların uzunömürlülüyünün əsas səbəblərindən birinin xüsusi bir şorba olduğu bildirilir.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Okinava sakinləri ürək-damar xəstəlikləri, xərçəng və demensiya kimi bir çox Qərb mənşəli xəstəliklərə çox nadir hallarda tutulurlar. Üstəlik, bölgədəki yüz yaşlı insanların 97 faizi həyatlarının böyük hissəsini hər hansı bir fiziki qüsur və ya xroniki xəstəlik olmadan keçirirlər.

"Vogue" jurnalında yer alan məlumata görə, Okinava mətbəxinin əsas yeməyi ənənəvi yeməklərdən biri olan miso şorbasıdır. Fermentasiya olunmuş soya lobya pastası ilə hazırlanan bu şorba, sağlam bağırsaq florasını dəstəkləyən probiotik xüsusiyyətləri ilə yanaşı, antioksidant, iltihabəleyhinə və xərçəngə qarşı təsirləri ilə də tanınır.

Elmi tədqiqatlar miso şorbasının xüsusilə mədə xərçəngi və ürək xəstəlikləri riskini azaltmaqda mühüm rol oynadığını sübut edib. Okinavalılar bu şorbanı tez-tez səhər yeməyində istehlak edir və bu, onların gündəlik qida rasionunda əvəzolunmaz yer tutur.

Uzunömürlülüyə yalnız miso şorbası deyil, eyni zamanda Yapon həyat fəlsəfəsi də ciddi şəkildə təsir edir. "The Times of India" nəşrində yer alan məlumata əsasən, “hara haçi bu” adlı qaydaya, yəni “tam doymadan yeməyi dayandırmaq” prinsipinə əməl edilməsi kalori qəbulunun tənzimlənməsi, daha sağlam həzm və metabolik balans üçün önəmli hesab olunur.

Yaponların uzun və sağlam həyatının sirri təkcə genetik deyil, gündəlik qidalanma vərdişləri, fəlsəfi yanaşmaları və həyat tərzlərinin harmoniyasında gizlidir. Miso şorbası isə bu harmoniyanın simvoluna çevrilmişdir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər