Humanitar yardıma ehtiyacı olanların sayı 4 dəfə artacaq


  • 13:30

Dünya üzrə 2015-ci ildə 77,9 milyon nəfər humanitar yardıma ehtiyac duyarkən, müharibələr və iqlim dəyişikliklərinin təsiri ilə bu sayın 10 il ərzində təxminən 4 dəfə artaraq 305 milyona çatacağı proqnozlaşdırılır.

E-huquq.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, böyük müharibələrlə yanaşı, yüksək temperatur, quraqlıq və təbii fəlakətlər kimi iqlim dəyişikliklərinin dağıdıcı təsirləri bəzi cəmiyyətlərin yardım olmadan yaşamasını mümkün etməyib. Meşə yanğınları, daşqınlar, sürüşmələr və qasırğalar kimi fəlakətlər sosial həyatın pozulmasına, maddi çətinliklərə və insani böhranlara səbəb olur.

Eyni zamanda, İsrailin 7 oktyabr 2023-dən bəri Qəzzada davam edən dağıdıcı müharibəsi, Sudan, Rusiya-Ukrayna müharibəsi və Afrika qitəsinin Sahel bölgəsindəki silahlı qarşıdurmalar dünyada insani böhranı daha da dərinləşdirir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) 2008-ci ildə qərar verməsi ilə 19 avqust "Dünya Humanitar Yardım Günü" kimi qeyd olunur.

BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisinin (UNOCHA) 4 dekabr 2024-cü il tarixində dərc etdiyi "2025 Qlobal Humanitar Yardım Hesabatı"na əsasən, bu il dünyada 305 milyon insanın humanitar yardıma ehtiyacı olacağı təxmin edilir.

Bu şəxslərin 85 milyonu Cənubi və Şərqi Afrikada, 59 milyonu Orta Şərq və Şimali Afrikada, 57 milyonu Qərbi və Orta Afrikada, 55 milyonu Asiya-Sakit Okean bölgəsində, 34 milyonu Latın Amerikası və Karib dənizi ərazilərində, 15 milyonu isə Avropada yaşayır.

UNOCHA-nın proqnozuna görə, 189,5 milyon nəfərin humanitar ehtiyaclarının qarşılanması üçün 47,4 milyard ABŞ dolları vəsait tələb olunur. 2015-ci ildə 77,9 milyon nəfər humanitar yardıma ehtiyac duyduğu halda, növbəti 10 il ərzində 227,1 milyon nəfərlik artım gözlənilir.

Dekabr 2024-də yayımlanan hesabatda, xüsusilə İsrailin aqressiv hərəkətləri səbəbindən Fələstinlə yanaşı, Liviya və Suriya kimi ölkələrdə artan insani böhranlar da nəzərə alındığında yardıma ehtiyacı olanların sayının rəsmi hesablardan daha yüksək olduğu ehtimal edilir.

Dünyanın müxtəlif bölgələrindən olan bir çox ölkə humanitar böhranların mərkəzinə çevrilib. Bu ilki hesabatda Sudan, Əfqanıstan, Konqo Demokratik Respublikası (KDR), Myanmar və Yəmən humanitar yardıma ən çox ehtiyacı olan ölkələr kimi seçilir.

Sudanda 30,4 milyon, Əfqanıstanda 22,9 milyon, KDR-də 21,2 milyon, Myanmarda 19,9 milyon, Yəməndə isə 19,5 milyon insanın humanitar yardıma ehtiyacı olduğu bildirilir.

Humanitar böhran olmayan ölkələrdə orta ömür müddəti 73 il olduğu halda, böhranlı ölkələrdə bu rəqəm 67 ilə düşür. Bu ölkələrdə hər 4 nəfərdən biri kifayət qədər qidalanmır, 10 nəfərdən yalnız biri əsas təhsilini başa vurur.

Humanitar böhran olmayan ölkələrdə mənzil və təhlükəsizlik problemləri az olsa da, böhran təsiri altında olan ölkələrdə məcburi köçkünlük geniş yayılıb və insanlar sığınacaq tapmaqda çətinlik çəkirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər